<b>Azərbaycan Ordusunun şəhid olmuş hərbçiləri dəfn edilib </b>- <span style="color:red;">YENİLƏNİR
11 aprel 2016 17:17 (UTC +04:00)

Azərbaycan Ordusunun şəhid olmuş hərbçiləri dəfn edilib - YENİLƏNİR

Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçusu,  1993-cü il təvəllüdlü Adilzadə Adil Kamran oğlu bu gün doğulduğu Mingəçevir şəhərində dəfn edilib.

 

APA-nın yerli bürosunun xəbərinə görə Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu olan kiçik çavuş Adil Adilzadə Mingəçevirdəki Şəhidlər xiyabanında torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.

 

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Mingəçevir şəhər İcra Hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhər sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, minlərlə mingəçevirli iştirak edib.

 

Dəfn mərasimində “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib, şəhid yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı atasına təqdim edilib.

     

Qeyd edək ki, şəhid Adil Adilzadənin döyüş meydanında qalmış meyiti dünən Azərbaycan tərəfə təhvil verilib.

    

Mərasimdə şəhidin atası Kamran Adilzadə oğlu ilə fəxr etdiyini bildirib. Şəhid atası əsgərlərimizlə qürur duyduğunu və düşmənlərdən oğlunun qisasını alacaqlarına inandığını bildirib.

 

 

 

***

 

 

APA-nın qərb bürosunun məlumatına görə, cəbhədə gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olan 1994-cü il təvəllüdlü gizir Cəfərov Mirsalam doğulub boya başa çatdığı Tovuz rayonu Bayramlı kəndində torpağa tapşərələb.

 

Mərasimdə icra strukturlarının rəhbərləri, millət vəkili Qənirə Paşayeva, ictimayyət nümayəndələri, şəhidin hərbçi yoldaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri iştirak ediblər.

 

M. Cəfərov ailənin sonbeşiyi olub.

 

Hərbi orkestrin sədaları və yaylım atəşı altında dəfn edilən şəhidin tabutu üzərinə sərilən üç rəngli bayraq əbədi xatirə olaraq atası Təvəkkül Cəfərova verilib.

 

 

 

 

***

Azərbaycan Ordusunun ermənilərlə döyüşdə şəhid olan kapitanı, 37  yaşlı Bayramov Vaqif  Dilqəm  oğlu  anadan olduğu Naftalan şəhərində  torpağa tapşırılıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, dəfn  mərasimində   doğmaları ilə yanaşı,  yüksək rütbəli  zabitlər,  şəhidin xidmət etdiyi  hərbi hissənin  heyəti, şəhər  icra  strukturlarının və hüquq-mühafizə orqanlarının  rəhbərləri,    müharibə  veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Bayramovlar ailəsinin digər oğlu  Mehman  1992-ci ildə  Ağcakənd uğrunda döyüşlərdə şəhid olub.

 

Şəhidin ruhuna  dualar  oxunub. Zabit yaylım atəşi altında, şəhid  qardaş Mehmanın  qəbrinin yanında   torpağa  tapşırılıb. Onun  tabutuna  bürünmüş  Azərbaycan bayrağı  şəhidin  atasına  təqdim olunub.                                                       

 

Vaqif Bayramovun üç  övladı var.

***

Azərbaycan Ordusunun ermənilərlə döyüşdə şəhid olan giziri, 1981-ci il təvəllüdlü Pəncəli Nurməmməd oğlu Teymurov bu gün doğulduğu  Astara rayonunun Əzərüd kəndində torpağa tapşırılıb.

 

APA-nın cənub bürosunun xəbərinə görə, dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

 

Mərasimdə 1999-cu ildən hərbi xidmətdə olan Pəncəli Teymurovun 2015-ci ildə ölkə prezidenti tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunduğu bildirilib.

 

***

Azərbaycan Ordusunun ermənilərin hücumu zamanı şəhid olan baş leytenantı, 1989-cu il təvəllüdlü Elnur İsgəndər oğlu İsgəndərov dəfn edilib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, şəhid hərbçimiz doğulduğu Şəki rayonunda torpağa tapşırılıb.

 

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Rayon İcra Hakimiyyətinin nümayəndələri, E. İsgəndərovun döyüş yoldaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

**

11:25

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1993-cü il təvəllüdlü Sərxan Oqtay oğlu Bayramov dəfn edilib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, S. Bayramov doğulduğu Zaqatala rayonunda torpağa tapşırılıb.

 

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Zaqatala İcra Hakimiyyətinin, Rayon hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların və ictimaiyyət nümayəndələri iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 384
avatar

APA Baycan

Oxşar yazılar