Bu il fevral ayının 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayı 9 milyon 713 min 500 nəfərə çataraq ilin əvvəlindən 7 900 nəfər və ya 0,1% artıb.
Lent.az-ın Dövlət Statistika Komitəsinin saytına istinadən məlumatına görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub. Ölkə əhalisinin ümumi sayından 53,1%-i şəhər, 46,9%-i kənd sakinlərinin, 49,8%-i kişilərin, 50,2%-i isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1007 nəfər qadın düşür.
Bu ilin yanvar ayı ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 12 min 700 körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 15,7 təşkil edib. Doğulan körpələrin 53,2%-ni oğlan, 46,8%-i isə qız uşaqlarından ibarət olub.
Bu ilin yanvar ayında ölkədə 5 000 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 6,2-dən 6,1-ə qədər azalıb.