“Yevgeni Roqojinin Azərbaycan-Rusiya sərhədində bu il və ya gələn il güclü zəlzələ ola biləcəyi ilə bağlı verdiyi bəyanatı düzgün hesab etmirəm. Ümumiyyətlə, belə bir bəyanatla çıxış etmək doğru deyil”.
Bunu APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, 1997-98-ci ildən etibarən Azərbaycan-Rusiya (Dağıstan) sərhədində güclü zəlzələnin ola biləcəyi ilə bağlı dəfələrlə bəyanatlar verilib: “Bəli, həmin ərazi seysmik cəhətdən çox aktivdir. Orada tarixən güclü zəlzələlər olub. Eyni zamanda, mütəmadi olaraq həmin ərazidə zəif təkanlar da baş verir. Lakin indidən bir il sonrası üçün “güclü zəlzələolacaq” demək düzgün deyil”.
Qeyd edək ki, Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutunun direktor müavini Yevgeni Roqojin 2016 və ya 2017-ci illərdə Azərbaycan və Dağıstanda Rixter şkalası üzrə 6,5-7 bal gücündə zəlzələ gözlənildiyini bildirib.