Azadlığa çıxan sabiq icra başçısının apellyasiya şikayəti üzrə məhkəməsi keçirilib
Bakı Apellyasiya Məhkəməsində Ağcabədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyunun 21-nə təyin edilib.
Qeyd edək ki, Münsif Səfərov və Rüstəm Bayramov Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirərək bankdan külli miqdarda pul götürüblər.
Həmin şəxslər F.Mənsura 60 min manat ziyan vurublar və hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 78.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
R.Bayramovun barəsində həbs qətimkan tədbiri seçilsə də, M.Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmişdi. Daha sonra M.Səfərov məhkəmə iclaslarına gəlməyib. Məhkəmə M.Səfərovun barəsində axtarış qərarı çıxarıb və o həbs olunub.
R.Bayramova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Barəsində axtarış qərarı çıxarılmış M.Səfərovun cinayət işi isə ayrıca icraata ayrılıb. Daha sonra həbs edilən M.Səfərovun cinayət işinə ayrıca baxılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Səfərov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, M.Səfərov 1992-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
386