Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında
yolun 77-ci kilometrliyində, magistralın Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Paytaxt istiqamətində hərəkətdə olan “Lada Priora” markalı nəqliyyat vasitəsi “KamAZ” markalı yük avtomobilinə çırpılıb.
Nəticədə “Lada Priora”nın sürücüsü, 1991-ci il təvəllüdlü Quba rayonunun Gədik kənd sakini Mehrəliyev Rövşən Mustafa oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.