Gecə saatlarında Bakının Yasamal rayonunda avtomobil gözəllik salonuna çırpılıb. APA-nın məlumatına görə, hadisə Mətbuat prospekti ilə Haqverdiyev küçəsinin kəsişməsində qeydə alınıb. Paşazadə Aqil Mehman oğlu “Hyundai Elantra” markalı avtomobillə yüksək sürətlə Mətbuat prospektindən Haqverdiyev küçəsinə dönmək istəyib. Lakin sürət yüksək olduğundan sürücü idarəetməni itirib və avtomobili yolun kənarında yerləşən gözəllik salonuna çırpıb.
Qəza zamanı xəsarət alan olmasa da gözəllik salonuna ciddi ziyan dəyib, avtomobil isə yararsız hala düşüb.
İlkin ehtimallara görə, qəzaya sürücünün qadağan olunmuş yerdən dönmək istəməsi və avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub. Faktla bağlı Yasamal rayon Dövlət Yol Polisi şöbəsində araşdırma aparılır.