Bakıda cəzaçəkmə müəssisəsinə narkotik maddə və telefon keçirmə cəhdlərinin qarşısı alınıb. Lent.az-ın Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin saytına istinadən məlumatına görə, 2 saylı cəzaçəkmə müəssisəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilən məhkum Anar Zöhrab oğlu Novruzovun yanına qısamüddətli görüşə gəlmiş atası, Lənkəran şəhər sakini vətəndaş Zöhrab Əli oğlu Novruzovun görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı alt paltarında gizlətdiyi 1 ədəd sellofan bükülünün içərisindən 420 (dörd yüz iyirmi) ədəd psixotrop maddə - “Metodon” və 140 (yüz qırx) ədəd “Lirika” kapsulaları aşkar edilərək götürülüb.
11 saylı cəzaçəkmə müəssisəsində isə cəza çəkən, Cinayət Məcəlləsinin 317-2.1 və 67.1 maddələrinə əsasən 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Ərbab Sabir oğlu Hüseynovun yanına qısamüddətli görüşə gəlmiş dayısı oğlu, Ağdaş şəhər sakini vətəndaş Ramiq Yaqub oğlu Əliyevin görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı gödəkçəsinin cibindən daxilində danışıq kartı olmayan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.