Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Universitetinin 2002-2010-cu illərdə dekanı olmuş Rabil Amanovun cinayət işinin baxışı yekunlaşıb. Lent.az-ın "qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, Rabil Amanov ABU-nun maliyyə-kredit fakültəsinin dekanı, eyni zamanda digər təhsil müəssisələrindən tələbələrin köçürülmə komissiyasının sədri vəzifəsində işləyib.
Həmin ərəfədə o, universitetin rektoru və digər məsul şəxslərlə əlbir olub, sonuncunun təşkilatçılığı ilə TQDK-nın xətti ilə imtahan verərək ali məktəblərə qəbul oluna bilməyən abituriyentlərin valideynlərindən külli miqdarda rüşvət alıb.
Bunun müqabilində həmin şəxslərin Dağıstan Respublikasının Mahaçqala şəhərində yerləşən Maliyyə və Hüquq İnsitutunda, Dərbənd şəhər S.Stalski adına Açıq Sosial Universitetində və Dərbənd Humanitar İnstitutunda təhsil almaları haqda arayışlar hazırlayıblar. Sonra Azərbaycan Təhsil Nazirliyinin razılığı olmadan həmin şəxslərin 2-ci kursdan ABU-ya köçürülmələrinin müvafiq əmrlərini şəxsən imzalayıb.
Bundan əlavə, TQDK və universitetin keçirdiyi test imtahanlarının nəticələrinə əsasən qəbul olunmuş tələbələrdən ümumilikdə 240.412 manat məbləğində R.Amanov və qeyriləri rüşvət alıblar.
Məhkəmə prosesində Rabil Amanov ittiham üzrə özünü təqsirli hesab edib.
Məhkəmə təqsirləndirilən şəxsi məhkəmə zalında həbs edib. Elan olunan hökmə əsasən Amanov 2 il müddətində ali təhsil müəssisələrində rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum olunub.
O, CM-nin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda ), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma ),311.3.2 ( təkrar rüşvət alma ) və 311.3.3 ( külli miqdarda rüşvət alma ) maddələri ilə təqsirləndirilirdi.