Rusiya paytaxtının Qərb dairəsində 50 nəfərə yaxın Azərbaycan vətəndaşı saxlanılıb.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Xüsusi Təyinatlı Polis Dəstələri ("OMON") tərəfindən saxlanılan həmyerlilərimiz paytaxtın Oçakovo-Matveyevski rayonunun Polis İdarəsinə aparılıb.
APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, saxlanılan həmyerlilərimiz avtoservisdə çalışanlar olub. Otyabrın 18-də axşam saatlarına yaxın "OMON"-çular avtoservisə gələrək orada çalışan bütün miqrantları avtobuslara yığıb polis idarəsinə aparıb. Hazırda polis bölməsində saxlanılan azərbaycanlıların müxtəlif cinayətlərdə iştirak edib-etməmələri və qeydiyyat sənədlərinin yerində olub-olmadığı yoxlanılır.
Azərbaycan Respubikası Daxili İşlər Nazirliyinin Rusiya Federasiyasındakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya hüquq-mühafizə orqanlarının son günlər miqrantlara qarşı keçirdyi reydlərin ölkə qanunvericiliyinə uyğun olduğunu söyləyib: “Polisin işi reyd keçirməkdir. Bütün miqrantlar yoxlanılır. Sənədi yerində olmayanlar barəsində tədbir görülür. Sənədləri qaydasında olanlar isə azad olunur. Miqrantların hər hansı cinayətdə iştirak edib-etməmələri də yoxlanılır”.
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraşı direktoru İlqar Hacıyev isə APA-nın Moskva müxbirinə açıqlamasında bildirib ki, konqres paytaxtın Qərb dairəsində saxlanılan 50-yə yaxın Azərbaycan vətəndaşı ilə maraqlanıb: “Onlar Oçakovo-Matveyevski rayon Polis İdarəsinə aparılıb”.
İ. Hacıyev saxlanılan Azərbaycan vətəndaşlarına ÜAK tərəfindən hərtərəfli hüquqi yardımın göstərildiyini söyləyib: “Yarana biləcək situasiyalarda soydaşlarımıza hüquqi yardım göstərmək məqsədilə Ümumrusiya Azərbaycan Konqresinin mərkəzi ofisində təcrübəli hüquqşünaslardan ibarət operativ qərargah yaradılıb. Qərargahda qaynar xətt fəaliyyət göstərir (+7 4953637594). Rusiyada yaşayan bütün azərbaycanlılar qarşılaşdıqları problemlərlə bağlı qaynar xətt vasitəsilə (24 saat ərzində) ÜAK-dakı qərargahdan zəruri hüquqi yardım və məsləhətlər üçün müraciət edə bilər”.