"MTN generalları"nın kassasiya şikayəti üzrə məhkəmə prosesi baş tutmayıb
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizov barələrində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmə prosesi baş tutmayıb.
APA-nın məlumatına görə, Alİ Məhkəmədə hakim Fərhad Əliyevin sədrliyi ilə keçirilməli olan proses qeyri-müəyyən səbəbdən təxirə salınıb.
Kassiya şikayətinin gələn həftə keçiriləcəyi bildirilib.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri - Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Eşqin Əliyev və Anar Şirəliyevin cəza müddəti başa çatdığından onlar azadlığa çıxıb.
Digər təqsirləndirilənlər - Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayevə 3 il, Elşad Əzizova 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.
Şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb. Daha sonra məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi isə onların şikayətlərini təmin etməyib.
459