[b]Separatçı Fəxrəddin Abbasov Rusiyada təcridxanadan yoxa çıxıb[/b]
Azərbaycan əleyhinə radikal çıxışlar edən, separatçı "Talış Muğan Respublikası"nın rəhbərlərindən olmuş, Talış Milli Hərəkatı adlanan qondarma qurumun sədri Fəxrəddin Abbasov Rusiyanın Lyubertsı şəhərində saxlandığı təcridxanadan yoxa çıxıb.
ONA-nın məlumatına görə, bu barədə “Amnesty International” təşkilatı açıqlama yayıb.
Təşkilat bəyan edib ki, fevralın 27-də hüquq-mühafizə orqanlarının əməkdaşları olduğu bildirilən şəxslər onun saxlandığı təcridxanaya gəliblər. Baş Prokurorluğun adından F. Abbasovun azad olunmasını tələb edən məktub təqdim edən şəxslər onu özləri ilə aparıblar. F. Abbasovun şəxsi əşyaları isə təcridxanada qalıb.
Faktı F. Abbasovun vəkili də təsdiqləyib.
Fevralın 28-də F. Abbasovun məhkəməsi keçirilməli olsa da, məhkəmə onun yerini müəyyənləşdirə bilmədiyi üçün prosesi martın 18-nə təyin edib.
Qeyd edək ki, F. Abbasov Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında Rusiya tərəfindən federal axtarışa verilib və sentyabrın 6-da saxlanılıb. Sentyabrın 7-də isə Moskva vilayəti Luberts Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Fəxrəddin Abbasov haqda 2018-ci il iyulun 12-də Səbail rayon Məhkəməsinin qərarı ilə cinayət işi başlanıb və onun həbsinə qərar verilib.
566