Azərbaycan Ordusunun mayoru, 1981-ci il təvəllüdlü İmanov Samit Gülağa oğlu bu gün anadan olduğu Neftçala rayonunun Həsənabad kəndində torpağa tapşırılıb.
APA-nın Mil-Muğan Bürosunun xəbərinə görə, dəfn mərasimində Müdafiə Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, rayon İcra Hakimiyyətinin rəhbərliyi də iştirak edib.
Şəhidin tabutuna çəkilən Azərbaycan bayrağı mərhumun qardaşı Sadiq İmanova təqdim olunub.
Şəhid zabitin iki övladı var. Məlumata görə, Samit İmanov yenicə dünyaya gələn ikinci övladını görməyib.
***
Ermənilərlə döyüşdə şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1997-ci il təvəllüdlü Dəmirli Altun Fərman oğlu anadan olduğu Şəmkir rayonunun Düyərli kəndində dəfn edilib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, 2015-ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılan Altun Dəmirlinin dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri, Müdafiə Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri iştirak edib.
Şəhidin tabutuna bükülmüş Dövlət bayrağı atasına təqdim olunub. Hərbçilərin yaylım atəşindən sonra şəhid əsgər torpağa tapşırılıb.
***
Azərbaycan ordusunun şəhid olan əsgəri, 1997-ci il təvəllüdlü Səmədov Elşən Səlim oğlu aprelin 9-da doğulduğu Şamaxı rayonunda dəfn edilib.
APA-nın yerli bürosunun xəbərinə görə, şəhid Elşən Səmədov Şamaxı rayonu Göylər kəndindəki məzarlıqda torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şamaxı Rayon İcra Hakimiyyətinin kollektivi, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, minlərlə rayon sakini ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, minlərlə ağsulu iştirak edib. Dəfn mərasimində “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.
Erməni hücumunun qarşısını alarkən rəşadət göstərərək şəhid olmuş Vüsal Alıyev bu gün dəfn olunub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhid Şəmkir rayon Kür qəsəbəsində torpağa tapşırılıb.
Şəhid Vüsal Alıyev 2014-cü ildə əkiz qardaşı Vüqarla birlikdə həqiqi hərbi xidmətə çağrılıb. Hər iki qardaş bir yerdə hərbi qulluq keçib. Onların həqiqi hərbi xidmətlərinin başa çatmasına bir neçə gün qalırmış.
Dəfn mərasimində Şəmkir rayon ictimaiyyətinin nümayəndələri, rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Müdafiə Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələrinin də iştirak etdiyi dəfn mərasimində şəhid tabutuna örtülən Azərbaycan bayrağı atasına təqdim olunub.
Əsgərlər yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.
***
Cəbhə bölgəsində ermənilərlə döyüşdə şəhid olan 32 yaşlı kapitan Mühid Orucov doğulduğu Qazax rayonun Fərəhli kəndində torpağa tapşırılıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, dəfn mərasimdə rayon rəhbərliyi, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri və yüzlərlə qazaxlı iştirak edib.
Mərasimdə 5 yaşlı 2 əkiz övlad atası olan şəhidin qəhrəmanlığından danışılıb, cəbhədə bir neçə erməni hərbçisi və texnikasını məhv edərək şəhid olduğu bildirilib.
Böyük izdihamla son mənzilə yola salınan zabit Fərəhli kənd qəbiristanlığında yaylım atəşi altında dəfn edilib. Şəhidin tabutu üzərinə çəkilən bayraq isə ailəsinə təqdim edilib.
***
Azərbaycan ordusunun şəhid olan zabiti, 1992-ci il təvəllüdlü Qasımov Teymur Sabir oğlu aprelin 9-da doğulduğu Mingəçevir şəhərində dəfn edilib. APA-nın yerli bürosunun xəbərinə görə, şəhid hərbçi Teymur Qasımov Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Mingəçevir şəhər İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların kollektivi, hərbçilər iştirak ediblər.
Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Teymur Qasımov 2012-ci ildə hərbi xidmətə yola salınıb və sonradan hərbçi kimi fəaliyyətini davam etdirib.
Teymur Qasımovun döyüş meydanında qalmış meyiti dünən Azərbaycana təhvil verilib.
Dəfn mərasimində hərbçi Nuran Qasımov şəhid qardaşı Teymurla qürur duyduğunu və düşmənlərdən onun qisasını alacağını bildirib.
Bakının Binəqədi rayonunda anadan olmuş, Azərbaycan Ordusunda müddətdən artıq xidmət keçən 1994-cü il təvəllüdlü Fəxrəddin Qurbanlı bu gün Pirşağı qəbiristanlığında dəfn edilib.
APA-nın xəbərinə görə, dəfn mərasimində Binəqədi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər də iştirak edib.
Azərbaycan ordusunun şəhid olan əsgəri, 1997-ci il təvəllüdlü Zəkarayev Nazim Nadir oğlu aprelin 9-da doğulduğu Şamaxı şəhərində dəfn edilib.
APA-nın yerli bürosunun xəbərinə görə, şəhid Nazim Zəkarayev Şamaxı şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.
Dəfn mərasimində Şamaxıda keçirilən “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” adlı III Beynəlxalq elmi konfransın iştirakçısı olan Azərbaycan, Albaniya, Almaniya, Türkiyə, Rusiya, Özbəkistan, Gürcüstan və Polşadan olan tarixçi alimlər, eləcə də Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şamaxı Rayon İcra Hakimiyyəti, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, minlərlə rayon sakini ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, minlərlə ağsulu iştirak edib.
Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.
Qeyd edək ki, şəhid Nazim Zəkarayev 2015-ci ilin oktyabrında Şamaxı rayonundan hərbi xidmətə yola salınıb.
***
Azərbaycan Ordusunun şəhid giziri, 1995-ci il təvəllüdlü gizir Bəxtiyar Hüseynov anadan olduğu Goranboy rayonunun Qızılhacılı qəsəbəsində dəfn olunub.
APA-nın qərb bürosunun xəbərinə görə, mərasimdə Goranboy rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, xidmət etdiyi hərbi hissənin hərbçiləri və döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak edib.
Çıxış edənlər Bəxtiyar Hüseynovun mərd, qorxmaz bir hərbçi olduğunu bildiriblər. Şəhid böyük izdihamla son mənzilə yola salınıb.
***
Ermənilərin hücumu zamanı şəhid olmuş Azərbaycan Ordusunun əsgəri 19 yaşlı Röyal İmran oğlu Nəsirov bu gün doğulduğu Cəlilabad rayonun Məlikqasımlı kəndində dəfn olunub. APA-nın cənub bürosunun məlumatına görə, şəhid əsgərin dəfn mərasimində doğmaları ilə yanaşı, rayonun icra strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Şəhidin nəşi yaylım atəşindən sonra torpağa tapşırılıb.
Erməni hücumunu dəf edərkən şəhid olan gizir, 1994-cü il təvəllüdlü Cavadov Şahin Yaşar oğlu bu gün doğulduğu Beyləqan rayonunda torpağa tapşırılıb.
APA-nın Qarabağ bürosunun məlumatına görə, şəhidin dəfn mərasimində Beyləqan və Xocavənd rayonlarının icra başçıları, Müdafiə Nazirliyinin hərbçiləri və rayon sakinləri iştirak edib. Şəhidin tabutuna örtülmüş döyüş bayrağı atası Yaşar Cavadova təqdim olunub. Yaylım atəşi açılıb, şəhid hərbçi torpağa tapşırılıb.
Ermənilərlə döyüşdə şəhid olan Qusar rayonunun Cağarqışlaq kənd sakini, 20 yaşlı Xeyirbəyov Əmiraslan Xəlil oğlu anadan olduğu kənddə dəfn olunub.
APA-nın şimal bürosunun xəbərinə görə, şəhidin dəfn mərasimində rayon İcra Hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri, onun xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, kənd sakinləri iştirak ediblər.
Şəhid yaylım atəşindən sonra torpağa tapşırılıb.
***
11:38
Ermənilərin hücumu nəticəsində şəhid olan əsgər, 1996-cı il təvəllüdlü Firdovsi Əliş oğlu Bağırzadə bu gün anadan olduğu Masallı rayonunun Güllütəpə kəndində torpağa tapşırılıb.
APA-nın cənub bürosunun xəbərinə görə, dəfn mərasimində rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbçilər, kənd sakinləri iştirak edib.
Yaylım atəşi açılıb, şəhid əsgər torpağa tapşırılıb.