Rusiyanın qadınlardan ibarət "Torpedo" futbol komandasının baş məşqçisi Faiq Nağdəliyev Moskvada polislər tərəfindən döyülüb, sonra da polis idarəsinə aparılıb.
Lent.az milli.Az-a istinadən xəbər verir ki, insident Rusiya Futbol İttifaqının binasının yanında baş verib.
“Metronun “Taqanskaya” stansiyasına tərəf gedəndə siqaret çəkən bir neçə polis əməkdaşını gördüm. Onlara yaxınlaşdım, siqaret çəkdiklərinə görə iradımı bildirdim, özlərini təqdim etmələrini istədim. 8-10 polis əməkdaşından kimsə özünü təqdim etmədi. Baş verənlərin videosunu çəkib metroya düşməyə başlamışdım ki, mülki paltarda olan bir şəxs məni hədələməyə başladı. O, "Murdar, belini sındıraram!" deyirdi.
Yenə kameranı işə saldım, ona yaxınlaşdım və dediyini təkrarlamasını istədim. Əlimdən vurdu, telefon yerə düşüb sındı. Telefonu qaldırıb bu şəxsi itələdim. Polislər üstümə hücum çəkdilər. Əllərimi qaldırdım və müqavimət göstərmədiyimi dedim. Bir neçə nəfər qollarımı burdular, başıma, sinəmə, üzümə vurmağa başladılar. Sonra polis idarəsinə aparıldım”, - F.Nağdəliyev deyib.
Polis idarəsində məşqçini izahat yazmağa vadar ediblər. Həkim müayinəsi zamanı Faiq Nağdəliyevdə kəllə-beyin travması, döş qəfəsi xəsarəti aşkarlanıb.
F.Nağdəliyev məhkəməyə şikayətlənmək istəyir, amma qorxur ki, polislər hər şeyi tərsinə çevirə bilərlər.