Goranboyun Yolqullar kəndində bu gün partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mayın 5-də Tərtər, Ağcabədi, Goranboy və Füzuli rayonlarında partlamamış hərbi sursatların (PHS) aşkarlanması üzrə apardığı əməliyyatlar barədə hesabatında bildirilir.
Hesabata əsasən, mayən 5-də Agentlik tərəfindən 7 ev, 2 əkin sahəsi, 10 partlayış yeri yoxlanılıb, 1 ədəd partlamamış PQ-7 mərmisi aşkar edilərək götürülüb, 26 730 kv. m ərazi təmizlənib. Məlumata görə, PQ-7 mərmisi DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı əsasında Goranboy rayonunun Yolqullar kəndində parkın ərazisində aşkarlanıb.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 5 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 426 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbirstanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 414 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.