[b]Bu il 21 cinayətkar qrup zərərsizləşdirilib[/b]
Bu ilin 3 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 3.050 cinayət qeydə alınıb.
ONA-nın məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində cari ilin I rübündə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində bildirilib. Qeyd olunub ki, onların 89,1 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 10,9 faizi ağır və xüsusilə ağır növlər olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələr 20 faiz, ehtiyatsızlıqdan adam öldürmələr 7 fakt, dövlət və ya bələdiyyə əmlakı oğurluqları 46,3 faiz, cibgirlik 32 faiz, dələduzluqlar 26,3 faiz, quldurluqlar 21,1 faiz, ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin sayı isə 25 faiz azalıb.
Diqqətə çatdırılıb ki, cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 1384 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 67 bağlı cinayət açılıb. Bununla yanaşı, 7 soyğunçuluq və quldurluq cinayəti törətmiş 12 nəfərdən ibarət 7 qrup, eləcə də 25 mənzil oğurluğu törətmiş 29 nəfərdən ibarət 14 cinayətkar qrup ifşa olunub. Narkotiklərlə bağlı aşkar edilmiş 321 fakt üzrə qanunsuz dövriyyədən 183 kq-dan çox narkotik vasitə çıxarılıb.
813