Masallı Rayon Polis Şöbəsi (RPŞ) və rayon Baytarlıq İdarəsi əməkdaşlarının birgə iştirakı ilə mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə rayon ərazisində reyd keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, reyd zamanı rayonun Səmidxan kənd sakini Rəşad Xeyrəddin oğlu Səmədovun idarə etdiyi "Mercedes" markalı, 44 BR 280 dövlət nömrə nişanlı minik avtomobili saxlanılıb.
Avtomobilin arxa oturacağına və yük yerinə baxış keçirilərkən oradan 400 kiloqrama yaxın heyvan cəmdəkləri aşkarlanıb. Daha sonra minik avtomobili RPŞ-ə gətirilib. İlkin araşdırmalardan heyvan cəmdəklərinin heç bir mənşəyi, sağlamlığı haqqında müşayiətedici və baytarlıq sənədlərinin olmadığı müəyyən edilib.
O da məlum olub ki, Rəşad Səmədova məxsus bu heyvanlar xəstələndiyindən o, onları kəsərək Bakı şəhərində satmaq məqsədi güdüb.
Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən cəmdəklərdən və sümüksüz ətlərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək ərazi Baytarlıq Laboratoriyasına təqdim olunub.
Daha sonra heyvan cəmdəkləri zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.