Məşhur yazıçı, qiymətli rəsm əsərlərinin kolleksiyaçısı, bakılı Aleksandr Qlezer Parisdə, 82 yaşında vəfat edib.
Lent.az-ın məlumatına görə, 1934-cü ildə Bakıda anadan olan Qlezer Moskva Neft İnstitutunun məzunudur. O, onlarla kitabın tərcüməçisi olub. Yeniyetməlik vaxtından rəsm əsərlərini toplamaqla məşğul olub.
Qlezer 36 yaşındaykən SSRİ-dən qovulub. O, kolleksiyasındakı rəsm əsərlərinin çox az hissəsini Parisə aparıb. Əslində SSRİ-də onun kolleksiyasını yandırmaqla hədələmişdilər. 1976-cı ildə Qlezer öz kolleksiyası əsasında Paris ətrafında, Monjeronda Müasir Rus İncəsənəti Muzeyini yaratmağa nail oldu.
Bəzi məlumatlara görə, onun kolleksiyasının dəyəri 100 milyon dolları keçirdi.
1980-ci ildə o, ABŞ-a köçdü, Nyu-Yorkda, Çersi-Sitidə avanqard sənət muzeyi açdı. Aleksandr Qlezer Parisin Sen-Jenevyev qəbirstanlığında dəfn ediləcək.