Yeniliyi ilə Bakıya səs salan park: <span style="color:red;">REPORTAJ  - <span style="color:red;">FOTOLENT
05 oktyabr 2019 14:43 (UTC +04:00)

Yeniliyi ilə Bakıya səs salan park: REPORTAJ - FOTOLENT

Əvvəlki Atatürk parkından demək olar ki, əsər qalmayıb. Yenidənqurma işləri zamanı yaradılan şərait, parka gələn balacadan böyüyə hər kəsin üzündə təbəssümə səbəb olub. Elə bil, balaca körpələr də, ahıllar da aylardır Atatürk parkının açılacağını gözləyirmiş. Qurulan abadlıq işləri, yeni yaradılan infrastruktur balacadan böyüyə hər kəsin ürəyincədir.

Budəfəki reportaj ünvanımız yeniliyi ilə paytaxta səs salan Atatürk parkı oldu. “Gənclik” metro stansiyasından Ayna Sultanova heykəlinə doğru, prospektin ortası ilə davam edən ərazi boyu parkın içərisində insan sıxlığı müşahidə olunur. Niyə də olmasın? Bir şey ki, əvvəlki uçuq-sökük Atatürk parkından geriyə ancaq prospekt boyu uzanan ərazi qalıb.

Hər bir şey dəyişib. Yeni dizaynda işıq dirəkləri, döşəmə, əlavə fiqurlar, yerin daş plitələri, ağacların səliqə-sahmana salınması, işıq dirəkləri, giriş və çıxışdakı yenilənmiş asfalt örtük və s. Bütün bunlardan əlavə, ən çox gözə çarpan, diqqəti cəlb edən ağaclardan asılan və xüsusi olaraq hazırlanan quş qəfəsləridir. Parkın ərazisində tam standartlara uyğun velosiped zolağı salınıb.

Uşaqlar üçün əyləncə mərkəzləri yaradılıb. Uşaqların əylənməsi üçün qurulan əyləncə sahələrində bir-birindən gözəl, rəngarəng avadanlıqlar və qurğular uşaqların hədsiz sevincinə sevinc qatırdı. Təbii ki, körpələrin üzünün gülməsi, onların sevinci valideynlərin də xoşbəxt olması üçün ən böyük stimuldur.

"Köhnə Atatürk parkı ilə yeni parkın arasında yerlə göy qədər fərq var. Axır ki, yaxınlıqda bizim də uşaqlarımızın üzünü güldürəcək bir park salındı. Əvvəlki park demək olarsa, ancaq ağaclardan və sovetdən qalma piltələrdən ibarət idi. Təmizlik də yox idi. Ona görə də uşaqlarımızı gətirmirdik. İndi isə tam rahatlıqla uşaqlarımızı burada gəzdirə və əyləndirə bilirik. Həm təmizlik, həm də yaradılan şərait səbəbilə rahatıq".

Bu sevinc dolu sözləri parkın açılışına dair təəssüratlarını bizimlə bölüşən paytaxt sakini Nazilə xanım dedi. Nazilə xanımın sözləri əslində bura körpələrini istirahətə gətirən bütün valideynlərin ümumi fikri kimidi. Biz də parkda olduğumuz zaman körpələrin əyləncə qurğularında necə sevinclə, xoşbəxtliklə oynadıqlarını gördük. Onların sevinc qışqırıqları Atatürk parkına əlavə nəfəs gətirirdi. Məhz körpələrin sevinc səsləri və ahılların gözlərindəki parlaqlıq ümumən Atatürk parkının qiymətini açıq-aşkar vermişdi...

Uşaqlar, gənclər, hətta orta yaşlıların da istifadə edə biləcəyi idman və şahmat meydançaları qurulub. Skamyalar hamısı yenilənib. Gənclərin rahat istirahəti, gəzintisi, dostlarla əylənməsi, idmanla məşğul olması və.s digər istəkləri üçün hər bir şərait yaradılıb. Şəhər sakini olan tələbə Maqsud da bizimlə həmsöhbət olarkən parkda yaradılan şəraitdən danışdı:

"Düzü bu qədər dəyişiklik ağlımızın ucundan belə keçmirdi. Biz gənclərin əylənməsi, boş vaxtımızı təmiz havada, əyləncəli keçirməyimiz üçün parkda hər bir şərait qurulub. Velosiped sürmək üçün arzuladığımız yol, idman etmək üçün isə lazımi avadanlıqlar quraşdırılıb. Bura artıq dincəlmək, gəzişmək üçün hərətərəfli şəraitə malik olan ən müasir parkdır. Geriyə qalan isə bizim öz üzərimizə düşür. Görək mədəniyyətimizlə buranı necə saxlayacağıq?"

Doğrudan da müasirləşmiş Atatürk parkı, müxtəlif yaş dövründə olan insanları qoynuna alan bir mərkəzə çevrilib. Artıq əminliklə deyə bilərik ki, bu park insanla təbiəti bir-birinə daha da yaxınlaşdırır. İndi parkın həm təbii gözəlliyi, həm də yaradılan şərait insanları öz ağuşuna doğru səsləyir. Elə yeri gəlmişkən, deyə bilərik ki, dəyişikliklərin önündə insan sıxlığı da gəlir. Hərçənd ki, deyilənə görə, əvvəlki parkda insan tapılmırdı.

Uşaqlar sevincək halda onlar üçün qurulmuş qurğularda oynayır, gənclər gəzişir, söhbət edir, qocalar da skamyalarda əyləşməklə yanaşı parkı dolaşmaqla istirahətlərini təmin edirlər. Ancaq yenə də ən çox dəyişən ahılların bu xoş mənzərəli istirahət parkına zillənmiş gözlərindəki sevinc, körpələrin xoşbəxtliyidir desək, yanılmarıq. Elə skamyada əyləşib parkı seyr edən ağsaqqalla söhbətimiz də bunu sübut edir:

"Əvvəl də buraya tez-tez gəlirdik. Nəzarətdən kənar bir yer idi. Bir neçə aydır təmir olunurdu deyə, ətrafı hasara alınmışdı. Ona görə də gedib Nərimanov parkında gəzirdik. Nəhayət, təmirdən çıxdı. Parkın gözəlliyinə söz yoxdur. Hər şey əladır. Geridə qalan sadəcə bu parka uyğun mədəniyyət göstərməkdir. Təəssüf ki, görürəm gənclər siqaret əlində çəkə-çəkə gedir, kötüyünü yerə atır. Elə bil, 2 metr gedib zibil qutusuna atmağa tənbəllik edir. Gözəl qurulub, təmizlikdir, adam gələndə ayrılmaq istəmir buradan. Kaş buranı özümüz təmiz saxlaya bilək. Azərbaycan varlı dövlətdir. Varlı dövlətin də varlı mədəniyyəti olmalıdır".

Paytaxt sakini olan Nəsib dayı hər şeyi tam yerində dedi, zənnimizcə. Bəli, dövləti varlı edən, onun varlı mədəniyyətdir. Doğrudan da bu cür gözəlliyi qorumaq öz əlimizdədir. Parkda olduğumuz zaman bəzi əvvəlki kafe və çayxanaların yenə fəaliyyət göstərdiyini də müşahidə etdik. Təbii ki, tam təmirdən çıxmış halda və səliqəli görkəmdə.

Xatırladaq ki, Atatürk parkı ötən ilin dekabr ayından təmirə bağlanılıb. Parkın əsaslı təmirə bağlanması qərarı Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən birgə verilib.

Bir neçə ay davam edən təmir işlərindən sonra 2019-cu il 2 oktyabr tarixində prezident İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Atatürk parkının açılışı oldu.

 

Foto - İlkin Nəbiyev © APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3281
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28