“Texnikabank”ın sabiq sədri azadlığa buraxıldı
03 aprel 2014 17:16 (UTC +04:00)

“Texnikabank”ın sabiq sədri azadlığa buraxıldı

Bu gün Bakı Apellyasiya Məhkəməsində “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidov və digərlərinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.


 

APA-nın məlumatına görə, prosesdə qərara əsasən, bankın İdarə Heyətinin sabiq sədri Samir Hüseynovun cəzası 8 ildən 4 ilə endirilib. Məhkəmə onun cəzasının şərti hesab olunmasına qərar verib və S. Hüseynov məhkəmə zalından azadlığa buraxılıb.

 

Digər təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri isə təmin edilməyib.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Hüseynov 8 il, Elnur Seyidov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olan digər şəxslər 7 ildən 8 ilə qədər müddətinə azadlıqdan məhrum olunublar. Məhkəmə azadlıqda olan Nicat Abdullayevin də həbsinə qərar verib. N. Abdullayev 8 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub. Cinayət işi üzrə azadlıqda olan digər şəxslərə isə məhkəmə şərti cəza təyin edib. Şərti cəza alanlardan başqa digər şəxslər hökmdən apellyasiya şikayəti veriblər.

 

Həmin şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar.

 

Həmin iş üzrə həbs edilən “Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. Xəstəliyin E. Əliyevin proseslərdə iştirakına imkan vermədiyini nəzərə alan məhkəmə onun barəsində cinayət işinin müvəqqəti olaraq dayandırılmasına və işin ayrılmasına qərar verib.

 

Həbsdə olan sabiq filial müdiri Azər Cəfərlinin işi də xəstəliyi ilə əlaqədar ayrıca icraata verilib.

 

Xatırladaq ki, Elnur Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3710
avatar

Oxşar yazılar