YARAT Müasir İncəsənət Mərkəzində “Təhsil” televiziyasının hazırladığı filmlərin təqdimat mərasimi keçirilib.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, öncə“Təhsil” televiziyasının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Məlumat verilib ki, 2015-ci ilin sentyabrından fəaliyyətə başlayan televiziya tərəfindən qısa müddət ərzində 30-dan çox film çəkilib. Mərasimdə müəllim, tələbə, Xaricdə Təhsil üzrə Dövlət Proqramı məzunlarının obrazları canlandırılan filmlərdən 7-si nümayiş etdirilib. Daha sonra filmlərin qəhrəmanları və yaradıcı heyəti öz təəssüratlarını bölüşüblər.
Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək, Novruz bayramı münasibətilə mərasim iştirakçılarına təbriklərini çatdırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulduğu kimi, bu televiziyanın yaranmasının uşaq və gənclərin intellektual fəaliyyətinin dəstəklənməsi və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması məqsədinə xidmət etdiyini bildirib.“Təhsil” televiziyasının maarifçilik missiyası daşıdığını deyən nazir televiziyanın gələcəkdə fəaliyyətini genişləndirməklə təhsil islahatlarına daha böyük töhfə verəcəyini vurğulayıb.