Bu gün Gənclər üçün Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən “QHT Məktəbi” cari il üzrə ilk təlimlərinə başlamışdır.
Təlim proqramını giriş sözü ilə açan Məktəbin koordinatoru Fəxrəddin Həsənzadə QHT Məktəbinin ölkəmizin QHT sektorunda oynadığı rolu və professional QHT işçilərinin formalaşdırılmasındakı xidmətləri haqqında məlumat vermişdir. Bildirmişdir ki, bu gün ölkəmizdə digər sahələrdə olduğu kimi QHT-lərə də təcrübəli kadrlar lazımdır. Çünki bu təşkilatlarda yaxşı menecment, maliyyə davamlılığının qorunması, ictimai əlaqələrin qurulması, beynəlxalq əməkdaşlıq, kargüzarlıq və s. istiqamətlər üzrə konkret şəxslərin formalaşması nəinki QHT-nin öz inkişafına, ümumilikdə vətəndaş cəmiyyətinin ciddi imicinin formalaşmasına kömək edir. Bu baxımdan QHT Məktəbinin davamlı olaraq inkişafı Mərkəzin əsas strateji məqsədlərindən biridir.
Qeyd olunmuşdur ki, 2002-ci ildən fəaliyyət göstərən Məktəb 900-ə yaxın insana birbaşa təlimlər vermişdir.
Daha sonra Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov tərəfindən ilk təlim keçirilmişdir. O, iştirakçılara QHT fəlsəfəsi mövzusunda nəzəri və praktiki biliklər vermişdir.
Qeyd edək ki, QHT Məktəbinin əsas məqsədi QHT fəlsəfəsini, konsepsiyasını və prinsiplərini təbliğ etmək, QHT nümayəndələrinin bilik və bacarığını, eləcə də bu sektorla maraqlanan şəxslərin maarifləndirilməsinə və zəruri informasiyalarla təmin olunmasına kömək etməkdir.