AFFA İntizam Komitəsi Topaz Premyer Liqasının XXVIII turunun 5 oyunundan 4-ü ilə bağlı cəza tədbirlərinə əl atıb. Lent.az-ın məlumatına görə, yalnız qarlı hava şəraiti üzündən yarımçıq qalan və təxirə salınan “İnter” – “Rəvan” matçında hüquqi pozuntu aşkarlanmayıb.
Qalan oyunlara gəldikdə, AZAL-la matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Sumqayıt” 1000 manat cərimələnib. Bu kluba daha 1000 manat cərimə 55-ci dəqiqədə məşqçi Mehman Yunusovun texniki zona qaydalarını pozması səbəbindən kəsilib. Meydandan kənarlaşdırılmış Yunusovun özü isə 1 oyunluq cəzalanıb.
“Xəzər Lənkəran”la matçın 28 və 32-ci dəqiqələrində “Neftçi”nin azarkeşləri tərəfindən protexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat ziyana düşüb.
“Simurq”la matçın 45+1-ci dəqiqəsində “Bakı”nın futbolçusu Vüqar Mustafayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Mustafayev 3 oyunluq cəzaya, klubu 2000 manat cəriməyə məruz qalıb.
“Qarabağ”la görüşün 65-ci dəqiqəsində “Qəbələ”nin məşqçisi Andrey Syomin hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. Baş məşqçi Yuri Syominin oğlu 5 oyunluq cəzaya, klubu 5000 manat cəriməyə məruz qalıb. 78-ci dəqiqədə isə “Qəbələ”nin müdafiəçisi Elnur Allahverdiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Allahverdiyev 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimələnib.