Dünya ölkələrinin milli çempionatlarında davam edən seriyaların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, müxtəlif göstəricilərin hər birində 10 ən uzun seriya müəyyənləşdirilib.
Fərqlənənlər arasında Azərbaycan klublarına məxsus göstəricilər də var. Davam edən iki seriyada isə dünya birincisi bizim klubdur. 2,5-dən artıq qol vurmaqda planetin 1 nömrəsi “Qarabağ”dır. Ardıcıl 5 oyunda 3 və daha çox qol vuran Ağdam təmsilçisi hazırda hamını qabaqlayır.
Rusiyanın aşağı dəstə klubu “Arsenal” (Tula) son 4 matçda belə məhsuldar olub. 8 komanda isə 3 oyunluq seriyası ilə diqqət çəkir. Bunlar “Everton” (İngiltərə), HİK (Finlandiya), “Leççe” (İtaliya), AEL (Kipr), “Qrasshopers” (İsveçrə), “Hoffenhaym” (Almaniya), “Düdelanj” (Lüksemburq), “Felnir” (İslandiya) klublarıdır.
Ardıcıl 36 səfər oyununda qələbəyə həsrət qalan aşağı dəstə təmsilçisi “Energetik” isə neçə vaxtdır “yüksəldiyi zirvə”ni əldən vermir. Ukrayna “Metallurq”u (Zaporojye) 27, Polşa “Vidzev”i 26, Xorvatiya “Osiyek”i isə 25 oyundur səfərdə qalib gəlmir.