“Milli Təhlükəsizlik Nazirliyi tərəfindən ötən peşə bayramından hazırkı dövrədək olan müddət ərzində də narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması üçün səmərəli tədbirlər davam etdirilib. Bu müddətdə 329 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 183 kiloqram heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb”.
Bunu Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 96-cı ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə nazir Eldar Mahmudov deyib.
MTN-in İctimai əlaqələr idarəsindən APA-ya verilən məlumata görə, Eldar Mahmudov ümumilikdə narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı 41 cinayət işinin başlandığını, 84 nəfərin məsuliyyətə cəlb olunduğunu açıqlayıb.
Qeyd olunub ki, bundan başqa, Rusiya Federasiyasının aidiyyəti orqanları ilə tərəfdaşlıq çərçivəsində birgə keçirilmiş əməliyyatlar nəticəsində 2 fakt üzrə 3 nəfər Rusiya vətəndaşından 160 kiloqramdan çox narkotik vasitə götürülüb.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əlavə olaraq 24,5 kiloqramdan çox qurudulmuş marixuana götürülüb, 1 Ukrayna, 9 Azərbaycan vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində məsuliyyətə cəlb edilmiş 5 Azərbaycan vətəndaşından külli miqdarda narkotik vasitə ilə yanaşı, “Makarov” tipli 2 tapança, “Naqan” tipli 1 revolver və xeyli sayda döyüş sursatı götürülüb.
Təxminən 11 kiloqrama yaxın, dövriyyəsi qadağan edilmiş civəni xarici ölkə vətəndaşına satmaq istəyən daha 1 Azərbaycan vətəndaşı barəsində isə cinayət işi başlanıb.
E. Mahmudov qeyd edib ki, milli təhlükəsizlik orqanları tərəfindən il ərzində yalançı sahibkarlıq vasitəsilə külli miqdarda əmtəəsiz maliyyə əməliyyatlarının həyata keçirilməsi faktları üzə çıxarılıb. Həmçinin qiymətli daş-qaş və zinət əşyalarının, eləcə də qanunsuz rabitə xidmətinin təşkilində istifadə olunan rabitə cihazlarının qaçaq yolla ölkə ərazisinə gətirilməsi faktları aşkarlanıb. İfşa edilmiş digər mütəşəkkil cinayətkar dəstə tərəfindən müştərilərin hesablarından külli miqdarda vəsaitin talanması halları müəyyən edilib, bu faktlar üzrə 7 cinayət işi başlanıb, 13 nəfər məsuliyyətə cəlb olunub.
Saxta pul və qiymətli kağızların hazırlanması, müxtəlif şəxslərin adına sənədləşdirilməsi yolu ilə vəsaitlərin mənimsənilməsi faktları da aşkar olunub. Hərbi xidmətdən yayınmaq üçün saxta sənədlərdən istifadə edilməsi, ali təhsil haqqında sənədin saxtalaşdırılması və sair hallar müəyyən edilib. Hazırda bütün bu faktlarla bağlı 14 cinayət işinin istintaqı aparılır.
Ötən müddət ərzində qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri rəhbər tutularaq ümumilikdə 275 şəxs barədə 142 cinayət işinin tam, hərtərəfli və obyektiv istintaqı aparılıb, 128 nəfər məsuliyyətə cəlb edilib.