“Mədəniyyət və incəsənət işçilərinin maaşlarının davamlı artırılmasına ehtiyac var və gələn ilin büdcə layihəsindən də görünür ki, bu proses gedir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov deyib.
N. Cəfərov bildirib ki, mədəniyyət və incəsənətə dövlət qayğısından narazılıq etməyə, bədbin fikirdə olmağa əsas yoxdur: “Maaşlar artırılır, mədəniyyət və incəsənət üzrə layihələr maliyyələşdirilir, mədəniyyət və incəsənət obyektləri təmir olunur”.
Parlamentin komitə sədri büdcə layihəsində mədəniyyətin və incəsənətin müxtəlif sahələri üzrə layihələrə ayrılan vəsaitin artırılmasını daha yüksək qiymətləndirdiyini vurğulayıb: “Əsas odur ki, mədəniyyət və incəsənət hadisələrinə maliyyə ayrılsın və bu istiqamətdə ayrılan maliyyə də artır. Bu sırada teatr və muzeylərin inkişafı, dövlət sifarişli tamaşaların hazırlanması və kinoların çəkilməsi üçün ayrılan vəsaitin artırılmasını, incəsənət xadimlərinə dövlət mükafatlarının verilməsini, fəxri adlarla bağlı vəsaitin ayrılmasını, təqaüdlərin verilməsini qeyd etmək olar. Bunun üçün kifayət qədər böyük maliyyə sərf olunur. Mədəniyyət və incəsənət layihələrini maliyyələşdirmək mədəniyyəti maliyyələşdirmək deməkdir. Bu da nəticə etibarilə sosial hadisədir, istedada, yarıdıcı insana sərf olunur. Teatr və kinoda çalışmasından, Yazıçılar Birliyinin, Bəstəkarlar İttifaqının üzvü olmasından asılı olmayaraq, bu sahədəki insanların ümumi maaşlarının artırılması yaxşı haldır, ancaq bu, yaradıcılıq faktına çox az təsir edir, tam təsir etmir”.
Nizami Cəfərov bildirib ki, elə sənət əsərləri yaranmalıdır ki, bazara çıxarıla bilinsin: “Ona görə də bazara, hətta bazar konyunkturuna uyğun sənət məhsulları ortaya çıxmalıdır. Bunun üçün həm də prodüser sistemi işləməlidir. Çünki yaradıcılıq məhsulunu yaradıcı insanın özünün bazara çıxarması çox çətin məsələdir. Bunun üçün ayrıca prodüser institutu inkişaf etməli, bazar konyunkturuna uyğun iş görülməlidir. Heç də həmişə düşünülməməlidir ki, bunları dövlət maliyyələşdirməlidir. Dövlət onsuz da maliyyələşdirir və maliyyələşdirəcək. Amma bu, sona qədər gedən proses deyil. Mütləq sənət özü özünü yaşatmağa yaxınlaşmalıdır. Dünyada ədəbiyyatda, musiqidə, ifaçılıqda elə sənətkarlar var ki, onlar cəmiyyətə yardım edirlər. Bu, ideal variantdır, biz də bu durumun yaranmasına çalışmalıyıq. Yalnız dövlətdən nəyisə gözləmək özünü doğrultmur”.