İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) müvəqqəti saxlanma yerində və istintaq təcridxanasında monitorinq keçiriblər.
Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, monitorinq zamanı orada saxlanılan Rauf Mirqədirovla görüşüblər: “Rauf Mirqədirovun saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur. Bildirdi ki, ona qarşı münasibət normaldır. Lakin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. Təzyiq problemi olduğu üçün mütəmadi olaraq həkimlər onun səhhətinə nəzarət edirlər”.
E.Behbudov orada saxlanılan Arif Yunusla da maraqlandığını bildirib: “Mənə Arif Yunusun tibbi kartını göstərdilər. Oraya gətirilən zaman şəkəri 97 olub. 3 dəfə təzyiqini yoxlayıblar. Hazırda həkim nəzarətində saxlanılır. Təzyiqi də, şəkəri də normasındadır. Mətbuatda onun infarkt keçirməsi barədə məlumatlar yayılıb. Həmin məlumatlar yanlışdır”.