Sumqayıtda 10-dan çox dələduzluq və soyğunçuluq epizodunda təqsirləndirilən dəstə üzvləri həbs olunublar.
APA TV-nin məlumatına görə, dəstənin əsas iş fəaliyyəti taksi sürücülərini qarət etmək olub. Qrupa rəhbərlik edən Vüsal Əhmədov əvvəllər ibadətlə məşğul olsa da, dediyinə görə, sonradan “şeytan onu yolundan azdırıb”. Həbs olunan şəxslər Bakıya gələrək taksi sürücülərinə rayona getmək istədiklərini bildiriblər.
Qiymət razılaşandan sonra Sumqayıtdakı evdən çantalarını götürməli olduqlarını deyiblər. Yolda sürücüdən 40-50 manatda alıb , evə qalxıb düşəndən sonra qaytaracaqlarını söyləyiblər. Taksi sürücülərini yolda qarət edən şəxslər əldə etdikləri pulları restoranlarda yeyib içməyə , əlləri yaxşı gətirəndə isə narkotik maddə almağa xərcləyiblər. Faktla bağlı cinayət işi başlanıb, istintaq araşdırmaları davam edir.