Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin vəkilə qarşı fiziki təzyiq göstərən əməkdaşları işdən çıxarılıb.
APA-nın məlumatına görə, bu barədə vəkil Anar Qasımlı öz facebook səhifəsində xəbər verib. O, bir müddət əvvəl Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsində təzyiqə məruz qalması barədə məlumata əsasən bildirib ki, “Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 07 iyun 2019-cu il tarixli əmri ilə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin rəis müavini Yalçın Yaqubov Daxili İşlər Orqanlarından xaric olma, təhqiqatçı Elnur Rəşidov vəzifədən azad edilmə, əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq edilib".
Qeyd edək ki, iyunun 7-də Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə yeni rəis təyin olunub.
Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyev işdən azad olunaraq, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi təyin edilib.
4-cü Polis Bölməsinin rəisi polis polkovniki Etibar Balakişiyev isə DİN Baş Kadrlar İdarəsinin sərəncamına verilib.