Çelyabinsk vilayətində hərəkətdə olarkən spirtli içki qəbul edən sərxoş sürücü ucbatından iki qatar toqquşub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən günorta saatlarında yük qatarının maşinisti 46 yaşlı Andrey Dremin işıqforun qırmızı işığında keçərək digər qatara çırpılıb.
Nəticədə 12 boş vaqon relsdən çıxıb, 100 metrə yaxın rels zədələnib. Baxış zamanı məlum olub ki, sürücü fevralın 11-də içki içməyə başlayıb. Səfər günü növbəyə sərxoş vəziyyətdə gəlib. Və yoxlama sistemindən yan keçmək üçün hiyləgər sürücü feldşerlə razılaşıb ki, köməkçisi onun üçün tibbi müayinədən keçsin. O, lokomotiv salonunda içki içməyə davam edib.
Nəqliyyat prokurorluğu qəzanın bütün hallarını aşkar etdikdən sonra onu xəstəxanaya göndərib və orada sərxoş olduğu müəyyən edilib (1,08 mmol/l). Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 1-ci hissəsi “Dəmir yolu nəqliyyatının hərəkəti və istismarı qaydalarının pozulması” ilə cinayət işi açılıb.