Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində pirotexniki vasitələrin satışına qarşı əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-averilən məlumata görə, Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzlərindən birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən paytaxt sakinləri Novruz Əsədov və Eldar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıblar. Həmin şəxslərin fəaliyyət göstərdiyi mağazaya baxış keçirilən zamanı pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Faktlarla bağlı onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.
Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar olunduqda onlar barəsində bundan sonra da ciddi tədbirlər görüləcək.
Qeyd edək ki, əməliyyat tədbirləri "Sədərək" ticarət mərkəzində keçirilib.