Zaqatalada avtomobili nömrəsiz idarə edən sürücü məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Zaqatala rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində hərəkətdə olan və üzərində dövlət nömrə nişanı olmayan avtomobili idarə edən sürücüyə “saxla” əmri veriblər.
Yoxlama zamanı N.Əliyevin atasına məxsus avtomobili sürücülük hüququ olmadan idarə etdiyi də məlum olub. Onunla profilaktik söhbət aparılıb və nəqliyyat vasitələrini dövlət nömrə nişanı olmadan idarə edilməsinə qanunvericiliyin normalarında icazə verilmədiyi bildirilib.
Sürücü N.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 332.2-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) və 342.7-ci (Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə) maddələri ilə protokol tərtib olunub.