Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər sakini Məhəmməd Baxşıyev idarə etdiyi “VAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və bununlada ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub.
Bundan başqa araşdırmalar zamanı həmin sürücünün şəhər ərazisində hələlik sahibi və dövlət qeydiyyat nişanı məlum olmayan “NİVA” markalı avtomobil ilə şhər ərazisində yarış təşkil etməsi və beləliklə şəhər sakinləri üçün real təhlükə yaratması məlum olub. Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Məhəmməd Baxşıyev sürücülük hüqundan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib. Hazırda digər yarış iştirakçısının kimliyinin müəyyən edilməsi istiqamətində zəruri-əməliyyat tədbirləri davam etdirilir.
Yol Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində yol hərəkəti qaydalarını pozaraq qəza törədən və hadisə yerindən yayınan sürücü saxlanılıb. Araşdırmalar zamanı şəhər sakini Əziz Kərimzadə saxlanılan zaman narkotik vasitənin təsiri altında olduğu da müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Əziz Kərimzadə sürücülük hüqundan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib.