Xəbər verdiyimiz kimi Azərbaycan Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun avtomobili qəzaya düşüb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a açıqlamasında bildirib ki, hadisə yanvarın 7-də qeydə alınıb: "Vətəndaş Sadıkov Nəcməddin Hüseyn oğluna məxsus “Toyota Land-Cruiser” markalı 90-AS-020 dövlət qeydiyyat nişanlı avtomobil qəza törədib. O, törədilmiş yol-nəqliyyat hadisəsində təqsirli olduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsi ilə cərimə protokolu tərtib olunub. Hadisə qanunvericiliyə əsasən, sənədləşdirilib və dəyən ziyan qarşı tərəfə tam ödənilib. İş üzrə şikayətçi tərəf yoxdur”.
***
saat 13:50
Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıkov Bakıda qəza törədib.
Lent.az Bakupost.az-a istinadla bildirir ki, hadisə dünən Mikayıl Müşfiq küçəsi, 10 ünvanında baş verib.
Belə ki, “Land Cruiser” markalı, 90 AS 020 nömrəli avtomobili idarə edən N.Sadıkov öndəki “Toyota Prius” markalı maşını vurub. Həmin avtomobil də qarşısındakı digər maşına çırpılıb. General-polkovnikin maşını zirehli (bronirovannıy) olduğundan zədələnməyib, lakin “Toyota Prius” yararsız hala düşüb.
Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəlib.
N.Sadıkov sonradan hadisə yerinə öz köməkçisini çağırıb.
Şahidlərin bildirdiyinə görə, o, maşından 10 min dollar pul götürərək köməkçisinə uzadıb və dəyən ziyanın ödənilməsi ilə bağlı tapşırıq verib.
Qeyd edək ki, aylardır N. Sadıkovla bağlı ağır ittihamlar səsləndirilir, amma o, ittihamlara reaksiya verməyib.
Nəcməddin Sadıkov qəzaya düşdü
Nəcməddin Sadıkov qəzaya düşdü