Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilib.
Lent.az xəbər verir ki, vida mərasimində səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, ictimaiyyət nümayəndələri, tanınmış şəxslər və jurnalistlər iştirak ediblər.
Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, bu gün Azərbaycan mətbuatı parlaq imzalarından biri ilə vidalaşır:
“Nurani Azərbaycanın haqq səsi idi. Analitika sahəsində xanım imzalarına nadir hallarda rast gəlinir. Nurani məhz o imzalardan biri idi”.
“Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Nurani haqqında xatirələrini bölüşüblər. Rauf Arifoğlu Nuraninin müalicə xərclərini qarşıladığına görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
Vida mərasiminin ardınca Əməkdar jurnalist Tofiqəxanım Qasımova Yasamal qəbiristanlığında dəfn edilib.
***
09:39
Tanınmış siyasi analitik Nurani (Tofiqəxanım) Qasımova uzunsürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə “Minval Politika” nəşrinin baş redaktoru Emil Mustafayev məlumat yayıb.
Onun sözlərinə görə, bir neçə gündür səhhəti ciddi şəkildə ağırlaşan jurnalistin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 1970-ci il təvəllüdlü N. Qasımova ixtisasca həkim olsa da, beynəlxalq siyasətə və publisistikaya böyük marağı onu jurnalistikaya gətirib.
O, peşəkar fəaliyyətinə 1992-ci ildə başlayıb. Müxtəlif illərdə “Yurddaş”, “Ayna”-“Zerkalo” nəşrlərində çalışıb, uzun müddət “Exo” qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri və siyasi icmalçısı olub. Son illərdə isə Minval.az və “Minval Politika” xəbər portalında redaktor və əsas siyasi şərhçilərdən biri kimi fəaliyyət göstərib.
N.Qasımova jurnalistika sahəsindəki xidmətlərinə görə Həsən bəy Zərdabi mükafatı və digər media mükafatlarına layiq görülüb. 2020-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.