maməddin Əlimanov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
Lent.az-ın xəbərinə görə, Baş Prokurorluqdan İTV-yə verilən məlumatda bildirilir ki, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs Əlimanov İmaməddin İntiqam oğluna barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.
Təqsirləndirilən şəxs, 40 yaşlı Əlimanov İmaməddin İntiqam oğlu Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
İmaməddin Əlimanov şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 05 may 2025-ci il tarixdə, saat 12:00-da Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.
İmaməddin Əlimanov nədə ittiham olunur?
İmaməddin Əlimanovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 27 may 2021-ci il tarixli qərar qəbul edilib. Həmin qərara əsasən, onun 2019-cu ilin aprel ayından başlayaraq 2021-ci ilin may ayınadək olan müddət ərzində vahid niyyətlə müxtəlif vaxtlarda “youtube”” sosial media hesabında “Xalq tv” adlı kanal təsis etməklə həmin kanalda, o cümlədən “Osmanqızı tv” və “İnqilab tv” kanallarında yerləşdirdiyi videomüraciətlərində və çıxışlarında digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, eləcə də Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.
İmaməddin Əlimanov barəsində axtarış və həbs qərarı
İmaməddin Əlimanov istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 27 may 2021-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs İmaməddin Əlimanova xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
Daha kimlər Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb?
Qeyd edək ki, bundan əvvəl Baş Prokurorluq Qurban Məmmədov, Tural Sadıqlı və digərlərinin İstintaq İdarəsinə çağırılması barədə də məlumat yayıb.