“Azərbaycan Dəmir Yolları” QSC Gürcüstanın Marabda-Kartsaxi dəmir yolu sahəsində baş vermiş hadisə haqqında məlumat yayıb.
ADY-dən Lent.az-a verilən məlumatda bildirilir ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan ərazisindən keçən sərt aşırımlı Trialeti-Tsalka mənzilində aparılan təmir-bərpa işləri zamanı hərəkətdə olan manevr teplovozunun qəfil relsdən çıxması nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialının bir nəfər əməkdaşı, maşinist köməkçisi Ruslan Sadıqov dünyasını dəyişib.
“Təəssüflə qeyd edirik ki, göstərilən ilkin tibbi yardıma baxmayaraq əməkdaşımızın həyatını xilas etmək mümkün olmayıb. Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, doğmalarına səbr diləyirik. Manevr teplovozunun digər ekipaj üzvlərinin səhhəti normaldır, əlavə xəsarət alan olmamışdır. Hadisənin baş vermə səbəbləri araşdırılır”, açıqlamada deyilir.
***
Saat: 18:29
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstanın Tsalka rayonundan keçən seksiyasında texniki xidmət qatarı relsdən çıxaraq aşıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, ötən gün baş vermiş qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölən şəxsin və xəsarət alanların Azərbaycan vətəndaşları olduğu bildirilir.
Dəmir yolu xəttinin sözügedən seksiyasında tikinti işlərinin Azərbaycan Dəmir Yolları şirkəti tərəfindən aparıldığı bildirilib.
Faktla əlaqədar cinayət işi açılıb.