Əri onun aldığı pendirdən zəhərlənib öldü  - Firmadan təzminat TƏLƏBİ
02 iyul 2026 12:02 (UTC +04:00)

Əri onun aldığı pendirdən zəhərlənib öldü - Firmadan təzminat TƏLƏBİ

0

Böyük Britaniyada bir qadın sevgililər günündə həyat yoldaşına hədiyyə etdiyi pendirin onun ölümünə səbəb olduğunu iddia edərək istehsalçı şirkətə qarşı 200 min funt sterlinqdən çox məbləğdə təzminat iddiası qaldırıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, iddiaya görə, Karina Parksın həyat yoldaşı Rocer Parks listeriya bakteriyası ilə çirklənmiş pendiri qəbul etdikdən sonra həyatını itirib.

Məlumata görə, qadın 2023-cü ilin fevral ayında Uiltşir qraflığında fəaliyyət göstərən istehsalçının hazırladığı kustar pendirlərdən ibarət hədiyyə dəstini alaraq həyat yoldaşına bağışlayıb. Qərbi Sasseksdə yaşayan rəssam Rocer Parks bir neçə gün ərzində dəstdə olan Baronet Reblochon pendirini yedikdən sonra özünü pis hiss etməyə başlayıb və fevralın 21-də xəstəxanaya yerləşdirilib.

İki gün sonra həkimlər ona Listeria bakteriyasının törətdiyi listerioz diaqnozu qoyublar. Antibiotik müalicəsinə və həkim nəzarətinə baxmayaraq, kişi xəstəxanaya yerləşdirildikdən altı gün sonra vəfat edib.

2024-cü ildə aparılan araşdırma zamanı məlum olub ki, Rocer Parkın istifadə etdiyi pendir listeriya bakteriyası ilə çirklənib və qida kimi istifadəyə yararsız olub. Rəsmi ekspertiza ölümün çoxorqan çatışmazlığı və infeksiyanın törətdiyi meningit nəticəsində baş verdiyini müəyyən edib.

Hadisədən sonra istehsalçı şirkət Böyük Britaniyanın Qida Standartları Agentliyinin vasitəsilə Baronet Reblochon pendirinin həmin partiyasını satışdan geri çağırıb. Bildirilib ki, bu məhsulu qəbul etdikdən sonra daha iki nəfər də xəstələnib. Bununla belə, şirkət məhsulun listeriya ilə çirkləndiyini etiraf etsə də, məhz həmin pendirin Rocer Parkın ölümünə səbəb olduğunu qəbul etmir.

Şirkət nümayəndələri bildirirlər ki, mərhum bundan əvvəl ağır aorta əməliyyatı keçirib, ürək və böyrək çatışmazlığından, eləcə də digər xroniki xəstəliklərdən əziyyət çəkib. Onların fikrincə, ölümün əsas səbəbi məhz bu sağlamlıq problemləri ola bilər.

Qadının vəkilləri isə istintaqın nəticələrinə istinad edərək bildirirlər ki, pendirin istehsalı zamanı yol verilən nöqsanlar məhsulun listeriya ilə çirklənməsinə səbəb olub. Onların iddiasına görə, şirkət təhlükəli məhsulu vaxtında satışdan çıxarmadığı üçün həmin pendir istehlakçıya çatıb.

Mütəxəssislərin sözlərinə görə, listerioz çirklənmiş qida məhsullarının qəbulu nəticəsində yaranan infeksion xəstəlikdir. Əksər hallarda hərarət, əzələ ağrıları, ürəkbulanma və ishal kimi əlamətlərlə müşayiət olunur. Lakin yaşlı insanlar, hamilə qadınlar, yeni doğulmuş körpələr və immun sistemi zəif olan şəxslər üçün meningit, sepsis və çoxorqan çatışmazlığı kimi ağır fəsadlara səbəb ola bilər.

Bildirilib ki, tərəflər məhkəməyədək razılığa gələ bilməsələr, işə London Ali Məhkəməsində baxılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar