Bakıda sexdəki partlayışda  ölənlərin sayı   7-yə çatdı -  YENİLƏNİB
15 yanvar 2024 21:40 (UTC +04:00)

Bakıda sexdəki partlayışda ölənlərin sayı 7-yə çatdı - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən daha bir nəfərin cəsədi tapılıb.

FHN-in Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

17.20

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb.

***

Saat 17:00

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Lent.az xəbər verir ki, dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

***

Saat 15:35

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

Lent.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Əlavə məlumat veriləcək.

***

Saat 15:02

Mebel sexində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.

Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir.

Məlumata görə, yanvarın 15-də paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub.

Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb.

Hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin araşdırmalar zamanı dağıntılar altından 3 nəfərin meyiti aşkar olunub.

Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlardan 6 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir.

Faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub.

Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin edilib.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İctimaiyyətin mütəmadi məlumatlandırılması təmin ediləcək.

Qeyd olunub ki, xəsarət alan şəxslərdən 3 nəfər FHN-in əməkdaşları tərəfindən axtarış-xilasetmə işləri zamanı dağıntılar atından sağ çıxarılıb.

***

Saat 13:45

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. 

Lent.az xəbər verir ki, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

***

saat 13:06

Bakıda sexdə partlayış-yanğın nəticəsində iki nəfər ölüb.

Lent.az-ın verdiyi xəbərə görə, xeyli sayda xəsarət alan olduğu bildirilir.

Baş Prokurorluqdan Lent.az-a bildirilib ki, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə baş verən partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər.

Aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə əlavə  məlumatın verilməsi təmin ediləcəkdir.

***

saat 12:35

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində sexdə partlayış olması barədə ilkin məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hadisə yerinə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub. 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, polis əməkdaşları da əraziyə cəlb edilib.

Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16719
avatar

Arzu Qurbanlı

Oxşar yazılar