Bakıda külli miqdarda dələduzluq edən "biznesmen"ə HÖKM OXUNDU
18 iyul 2025 15:00 (UTC +04:00)

Bakıda külli miqdarda dələduzluq edən "biznesmen"ə HÖKM OXUNDU

181 nəfəri sertifikat və işə düzəltmək adı ilə aldadaraq 52 min manatdan artıq pul vəsaitini ələ keçirən şəxsə hökm oxunub.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu bilidirib:

"Uşaq evində böyümüşəm, azyaşlı uşağım var. Mən həmin insanlara konkret pulu nə vaxt verəcəyimə dair vaxt deməmişəm. Təxmini sentyabr və ya avqust ayında verəcəkdim. Əlavə olaraq məhkəmə heyətinə həmçinin prokurora, Ülvi bəyə təşəkkərlüyümü bildirmək istəyirəm".

Müşavirədən sonra hökm oxunub, hökmə əsasən Toğrul Kərimov 6 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, cinayət işinin başlanmasına səbəb Kərimov Toğrul Məmmədrəhim oğlunun özünü "Arif Kalkavan -AKO" MMC-nin rəhbəri kimi təqdim edib həmin şirkətə işə qəbul olunmaları və dənizçilik pasportunun verilməsi müqabilində Nağıyeva Nigar Seyran qızının vasitəsilə 2022-ci ilin may-iyun ayları ərzində Bakı şəhər ərazisində Həsənov Səhnan Arif oğlu, Ağcayev Məmməd Bəxtiyar oğlu, Mustafayeva Aynur Vəli qızı, Məmiyev Elçin Əlizamin oğlu və digərlərindən, hər birindən 300-700 manat olmaqla, ümumilikdə 14 min manata yaxın pulu alaraq dələduzluq yolu ilə ələ keçirməsi olub.

Həmçinin "Tap.az" saytında yerləşdirdiyi iş elanı vasitəsilə ona müraciət etmiş Tağıyeva Aydan Əflan qızına Abşeron rayonu, Xırdalan şəhərində özəl baxçada müəllim kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq ümumilikdə 1800 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Kərimov Toğrul Məmmədrəhim oğlunun ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ödəniş qəbzləri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

 

Fidan Fərmanlı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 458

Oxşar yazılar