Oktyabrın 2-dən 8-dək olan müddətdə paytaxtın Sabunçu rayonu ərazisindəki bir evdən 8500 manat dəyərində spirtli içki, qızıl-zinət, geyim və məişət əşyaları, bir evdən isə 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Astara rayon sakini Q.Məhərrəmov və Biləsuvar rayon sakini Ş.Vahablı saxlanılıblar.
Q.Məhərrəmovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2 evdən 2500 manat pul və 3550 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib. Ş.Vahablının ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş T.Həsənovla birgə rayon ərazisindəki 3 evdən ümumilikdə 1100 manat pul və 8700 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində T.Həsənov da saxlanılıb.