Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin ata və oğul olduğu məlum olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, nasaz olan maşının təkərini düzətmək istəyən 54 yaşlı Bayramov Azad Fəxrəddin oğlu və onun oğlu - 33 yaşlı Bayramov Anar Azad oğlunu maşın vurub. Hadisə nəticəsində ata və oğul ölüb.
Araşdırma aparılır.
***
Saat: 10:37
Bir neçə gün əvvəl edilən xəbərdarlığa baxmayaraq, sürücünün məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi növbəti dəfə ağır faciəyə səbəb olub.
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, belə ki, bu gün saat 06:50-də Bakı-Sumqayıt avtomobil yolunun 20-ci kilometrliyində “Mercedes” markalı, 99-FK-216 dövlət qeydiyyat nişanlı avtomobilin təkəri sıradan çıxdığı üçün sürücü nəqliyyat vasitəsini hərəkətdə olduğu ən sol zolaqda dayandırıb və zəruri təhlükəsizlik tədbirləri görmədən sərnişini ilə birgə nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman, arxadan eyni zolaqda yüksək sürətlə hərəkət edən “Honda” markalı, 77-GF-549 dövlət qeydiyyat nişanlı avtomobil nasaz nəqliyyat vasitəsilə toqquşub ki, nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü və sərnişini hadisə yerində həyatlarını itirib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən tamamilə kənara, bu mümkün olmadıqda isə səkinin yanına, yaxud yol çiyninə çəkərək hərəkət hissəsinə paralel yerləşdirməli, qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanını quraşdırmalı, yalnız bundan sonra nasazlığı aradan qaldırmağa başlamalı, texniki yardım istəməlidir.