Azərbaycanlı polkovnikin 4 milyonluq qol saatları  əlindən alındı
18 aprel 2026 15:31 (UTC +04:00)

Azərbaycanlı polkovnikin 4 milyonluq qol saatları əlindən alındı

0

Moskvanın Doroqomilovski Rayon Məhkəməsi Dağıstan Daxili İşlər nazirinin keçmiş müavini polis polkovniki Rüfət İsmayılova məxsus ümumi dəyəri təxminən 4,4 milyon rubl olan səkkiz ədəd qol saatını dövlətin xeyrinə müsadirə edib.

Lent.az xəbər verir ki, bu barədə TASS məhkəmə sənədlərinə istinadla məlumat yayıb.

Sənəddə qeyd olunur ki, aşağıdakı əmlak Rusiya Federasiyasının xeyrinə müsadirə edilsin: “TAG Heuer Aquaracer” kolleksiyasından qol saatı, “Cartier Santos de Cartier” kolleksiyasından qol saatı, “OMEGA Speedmaster Moonwatch Professional” kolleksiyasından qol saatı, “PLATINOR” “Baykal” kolleksiyasından qol saatı, “OMEGA Speedmaster Moonphase” kolleksiyasından qol saatı, “TAG Heuer Carrera” kolleksiyasından qol saatı, “Cartier Santos de Cartier” kolleksiyasından daha bir qol saatı və “Raketa” markalı qol saatı. Açıq mənbələrə görə, bu saatların ümumi dəyəri təxminən 4 milyon 400 min rubl təşkil edir.

Aprelin əvvəlində Rusiya Baş Prokurorluğunun Rüfət İsmayılova qarşı qaldırdığı iddia Doroqomilovski Rayon Məhkəməsi tərəfindən təmin olunub və onun, eləcə də formal sahiblərin üzərində olan ümumilikdə 533 milyon rubl dəyərində əmlakın müsadirəsinə qərar verilib. Həmin vaxt konkret hansı əmlakın dövlətə keçirildiyi açıqlanmayıb.

Bundan əvvəl bildirilib ki, rüşvət alma işi üzrə saxlanıldıqdan sonra aparılan prokurorluq yoxlaması zamanı İsmayılovun ümumi dəyəri 533 674 459 rubl olan əmlaka sahib olduğu müəyyən edilib ki, bu da onun 2010–2022-ci illər ərzində əldə etdiyi rəsmi gəlirdən dəfələrlə çoxdur. Həmin dövrdə onun rəsmi gəliri (əməkhaqqı, müharibə iştirakçısı kimi pensiya, uşaq müavinətləri və bank faizləri daxil olmaqla) 19,6 milyon rubl, həyat yoldaşının gəliri isə 3,3 milyon rubl təşkil edib.

2023-cü ilin sentyabrından etibarən Perovski Rayon Məhkəməsində İsmayılov, onun keçmiş müavini – Dağıstan DİN İstintaq İdarəsi rəisinin müavini Dalqat Abdulqapurov, bir neçə müstəntiq və iki sahibkara qarşı cinayət işi üzrə məhkəmə prosesi davam edir. İsmayılov və Abdulqapurov 1,3 milyon rubl məbləğində iki epizod üzrə rüşvət almaqda ittiham olunurlar.

2023-cü il noyabrın 8-dən həbsdə olan Rüfət İsmayılov məhkəmədə bildirib ki, ona qarşı irəli sürülən ittihamların heç birini qəbul etmir. O qeyd edib ki, rüşvətə görə məsuliyyətə cəlb edilən müstəntiqlərdən heç biri onun göstərişi ilə hərəkət etdiyini deməyib və ona qarşı cinayət işinin “qisas və ya böhtan” nəticəsində açıldığını iddia edib.

Qeyd edək ki, İsmayılov Dərbənd Azərbaycan diasporunun nüfuzlu simalarından olan hakim Hikmət İsmayılovun oğludur. Rüfət İsmayılov ötən ilin noyabr ayında saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 430

Oxşar yazılar