Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı iş adamı, “Peton Holding”in həmtəsisçilərindən olan Emin Axundova qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Ramil Tağıyev və Hikmət Vəliyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmə anket məlumatlarını dəqiqləşdirib, təqsirləndirilən şəxslərə onların hüquq və vəzifələri izah olunub.
Təqsirləndirilən Ramil Tağıyevin vəkili işə xitam verilərək, istintaqa geri qaytarılması barədə vəsatət verib.
Zərərçəkmişin hüquqlarını müdafiə edən vəkil təqsirləndirilən Ramil Tağıyevin barəsində olan qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəyib.
Qısa müşavirədən sonra məhkəmə tərkibi işin məhkəmə baxışına verildiyini, prosesin 29 oktyabr saat 15:45-ə təyin olunduğuna qərar verib.
Xatırladaq ki, istintaq materiallarına görə, Ramil Tağıyev əvvəlcə Emin Axundovdan istirahət kompleksi tikmək adı ilə 870 min manat alıb. Daha sonra Hikmət Vəliyev və Axundovun əmisi oğlu Vüsal Axundovla birlikdə onu şantaj etməyə başlayıb. Onlar iş adamını və ailəsini hədələyərək 20 milyon dollar tələb ediblər. Nəticədə 3 milyon dollar alıblar. Bundan başqa, Axundovun bir neçə daşınmaz əmlakı da hədə-qorxu ilə təqsirləndirilən şəxslərin yaxınlarının adına keçirilib.
Təqsirləndirilən şəxslərin hər ikisi xaricdə hüquq-mühafizə orqanları tərəfindən tutularaq Azərbaycana gətirilib.Onlara qarşı Cinayət Məcəlləsinin 178.4 (Dələduzluq - Xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) 182.4 (Hədə-qorxu ilə tələb etmə - xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.Təqsirləndirilən Hikmət Vəliyev barəsində həbs, Ramil Tağıyev barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.