Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 12.06.2026-cı il tarixində yerli vaxtla saat 15:13 dəqiqədə Qəbələ seysmik stansiyasından 11 km cənub-qərbdə, Qəbələ rayonunda 42 km dərinlikdə 5.1 maqnituda zəlzələ qeydə alınıb.
Bu barədə Lent.az-a FHN-dən məlumat verilib.
Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5 - 3 bala qədər hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
***
saat 15:31
Qəbələ stansiyasından 11 km cənub-qərbdə Qəbələ rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Lent.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub.
Qeyd edilib ki, 5,1 maqnitudalı yeraltı təkan yerli vaxtla 15:13-də, 42 km dərinlikdə baş verib.
***
saat 15:26
İlkin ehtimala görə, zəlzələ 5 baldan yuxarı baş verib.
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, məlumata görə, dağıntı olmasa da, yeraltı təkan hiss edilib.
***
15:20
Azərbaycanda zəlzələ olub.
Lent.az-ın məlumatına görə, yeraltı təkan bir neçə bölgədə hiss olunub.
Smartfonlara gələn xəbərdarlıqda zəlzələnin maqnitudasının 5,1 bal olduğu qeyd olunub.