Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki ictimai-iaşə obyektləri, marketlər, apteklər və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən obyektlərdə sosial məsafənin gözlənilməsi, o cümlədən satıcı və alıcıların maskalardan istifadə edib-etməməsi yoxlanılıb. Qapalı məkanlarda maskalardan istifadə etməyənlər cərimələnib. Açıq havada fəaliyyət göstərən iaşə obyektlərində ümumi karantin qaydalarının pozulmadığı aşkar edilib. Həmçinin polislər tərəfindən sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karamtin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb. Sumqayıt sakinləri keçirilən tədbirlərdən razı qaldıqlarını bildiriblər.
Reyd zamanı avtobuslarda maskadan istifadə etməyən sərnişinlər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən edilərək cərimələniblər. Belə hallara yol verən avtobus sürücüləri barəsində də ciddi tədbirlər görülərək onlara xəbardarlıq edilib.
Qeyd edək ki, Sumqayıt şəhərində xüsusi karantin rejimi müddətində polis əməkdaşları tərəfindən nəzarət profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.