BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ
5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür. Müəllimlər günü UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Azərbaycanda müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb.
MƏSUD ƏLİOĞLU
(1928-1973)
Azərbaycan ədəbi tənqidinin görkəmli nümayəndələrindən Məsud Əli oğlu Vəliyev 1928-ci il oktyabrın 5-də Qubadlı rayonunun Mahmudlu kəndində dünyaya gəlib. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Universiteti bitirib. 1952-ci ildən Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda çalışıb. 40 yaşında filologiya elmləri doktoru olub. Onun “Azərbaycan sovet nəsrinin inkişaf yolları” əsəri öz dövrünün qiymətli tədqiqat nümunəsidir. Əsərləri sovet dönəmində yasaq olunmuş Hüseyn Cavidə ədəbi bəraət qazandırmış ilk silsilə məqalələrin və fundamental "Hüseyn Cavid" monoqrafiyasının, eləcə də Nizami, Fizuli, Axundov, Süleyman Sani Axundov, Haqverdiyev, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Şeyx Məhəmməd Xiyabani, Şəhriyar və digər ədəbiyyat adamlarının yaradıcılığı haqqında dəyərli araşdırmaların müəllifi olub. Məsud Əlioğlu 23 iyun 1973-cü ildə Bakıda intihar edib. O, xalq yazıçısı Əli Vəliyevin oğlu, xalq yazıçısı Afaq Məsudun atasıdır.
XƏYYAM MİRZƏZADƏ
(1935-2018)
Azərbaycanın xalq artisti, bəstəkar, Prezident təqaüdçüsü, professor Xəyyam Hadi oğlu Mirzəzadə 5 oktyabr 1935-ci ildə Bakı şəhərində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib, həmin ildən orada çalışıb. 1969-1983-cü illərdə kafedra müdiri olub. Əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və başqa ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib. "Şöhrət", "Şərəf" ordenləri, Lenin komsomolu mükafatı və Azərbaycanın Dövlət Mükafatına layiq görülüb. Xəyyam Mirzəzadə 30 iyul 2018-ci ildə dünyasını dəyişib və II Fəxri Xiyabanda dəfn olunub.
BƏHRAM ƏSGƏROV
(1933-2014)
Azərbaycanın əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, Prezident təqaüdçüsü, akademik Bəhram Mehrəli oğlu Əsgərov 1933-cü il oktyabrın 5-də Tovuz rayonunun Əhmədabad kəndində anadan olub. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olub, 1957-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək AMEA-nın Fizika İnstitutunun aspiranturasına daxil olub. 1962-ci ildə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb. 1960-1966-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi olub, 1966-cı ildən Azərbaycan Dövlət Universitetində çalışıb. 1966-1971-ci illərdə universitetin "Molekulyar fizika" kafedrasının dosenti işləyib. 1971-ci ildən ömrünün son gününədək öz təşəbbüsü ilə yaradılmış Bərk cisimlər fizikası kafedrasının müdiri, 1994-cü ildən 2004-cü ilədək BDU-nun elmi işlər üzrə prorektoru olub. "Şöhrət" ordeni ilə təltif olunan Bəhram Əsgərov 12 mart 2014-cü ildə dünyasını dəyişib.
ƏHMƏD ƏLƏSGƏROV
(1935-2015)
Azərbaycan, Tacikistan və Ukraynanın əməkdar məşqçisi, fəxri idman ustası, Azərbaycan milli futbol komandasının ilk baş məşqçisi Əhməd Lətif oğlu Ələsgərov 5 oktyabr 1935-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1955-1965-ci illərdə Bakının "Neftçi" klubunda 115 oyun keçirib və 6 qola imza atıb. Məşqçi kimi "Neftçi"dən başqa Tacikistanın "Pamir", Ukraynanın "Çernomorets", Naxçıvanın "Araz", Moldovanın "Nistru" və "Şerif" komandalarını çalışdırıb. 2005-2006-cı illərdə "Bakı" klubunda müşavir və vitse-prezident olub. Əhməd Ələsgərov 19 may 2015-ci ildə Ukraynada vəfat edib.
MƏCNUN HACIBƏYOV
(1935)
Əməkdar artist, aktyor Məcnun Hacıbəyov 1935-ci il oktyabrın 5-də Quba rayonunun II Nügədi kəndində doğulub. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. “Canavar balası”, “Evlənmək istəyirəm”, “Gənclik Macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat” və başqa film və tamaşalarda yaddaqalan obrazlar yaradıb.
VATSLAV HAVEL
(1936-2011)
Çexoslovakiyanın sonuncu, Çexiyanın birinci prezidenti, yazıçı-dramaturq, dissident, hüquq müdafiəçisi və dövlət xadimi Vatslav Havel 5 oktyabr 1936-cı ildə Praqada dünyaya gəlib. 1954-cü ildə orta məktəbi bitirdikdən sonra Çex Texniki Universitetində iqtisadiyyat fakültəsində təhsilini davam etdirib, lakin 2 il sonra oradan qovulub. Dramaturq kimi Praqa teatrlarında şöhrət qazanıb. Siyasi fəaliyyəti onun polis nəzarəti altında olmasına və 1979-1983-ci illərdə həbsxana həyatı yaşamasına səbəb olub. Çexoslovakiyada "Vətəndaş Forumu" ictimai-siyasi təşkilatının yaradıcılarından biri, Avropa Tolerantlıq və Barışıq Şurasının üzvü olub. "Vətəndaş Forumu" partiyası 1989-cu ildə Çexoslovakiyada kommunizmin süqutuna səbəb olan "məxməri inqilab"da mühüm rol oynayıb. Bundan sonra Çexoslovakiyaya rəhbərlik etməyə başlayıb. 1993-cü ildə Slovakiya müstəqillik əldə etdikdən sonra 10 il Çexiya Prezidenti olub. Varşava Paktının ləğv edilməsində və NATO-nun şərqə doğru genişləndirilməsində çox aktiv fəaliyyət göstərib. Vatslav Havel 18 dekabr 2011-ci ildə dünyasını dəyişib.
RÖVŞƏN MUSTAFAYEV
(1960-2009)
Görkəmli elm xadimi, AMEA İnsan Hüquqları İnstitutunun keçmiş direktoru, siyasi elmlər doktoru, professor Rövşən Faiq oğlu Mustafayev 1960-cı ilin bu günü Bakıda anadan olub. Bakıdakı 134 saylı məktəbi sonra və Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1982-ci ildə əmək fəaliyyətinə başlayıb. Əvvəlcə Dəvəçi rayonunun Siyəzən qəsəbəsində orta məktəb müəllimi işləyib, 1985-1990-cı illərdə isə "Molodyoj Azerbaydjana", "Bakiskiy raboçi" qəzetlərində, "Gənclik" jurnalında jurnalist fəaliyyəti ilə məşğul olub. Eyni zamanda Şərq fəlsəfəsi və poeziyası üzrə araşdırmalar aparıb, Mirzə Şəfi Vazehin yaradıcılığına dair dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsi alıb. 1993-cü ildə AMEA-da Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunu təsis edib və institutun direktoru vəzifəsində çalışıb, eyni zamanda institutun elmi nəşri olan "Dirçəliş-XXI əsr" jurnalının baş redaktoru olub. 1996-cı ildə "Azərbaycan cəmiyyətinin mümkün inkişaf yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, Azərbaycanda ilk siyasi elmlər doktoru elmi dərəcəsinə layiq görülüb. Rövşən Mustafayev 2009-cu il fevralın 20-də Türkiyənin İstanbul şəhərində dünyasını dəyişib, fevralın 21-də Yasamal qəbiristanlığında dəfn olunub.
NAMİQ ALLAHVERDİYEV
(1967-1992)
Azərbaycanın Milli Qəhrəmanı Allahverdiyev Namiq Müslüm oğlu 5 oktyabr 1967-ci ildə Beyləqan rayonunda anadan olub. O, 1984-cü ildə 1 nömrəli orta məktəbi bitirib, 1985-87-ci illər də Moskva ətrafında hərbi xidmətdə olub. Ermənilərin torpaqlarımıza təcavüzü başlayanda Namiq Allahverdiyev könüllü özünümüdafiə batalyonlarından birinə yazılıb. İlk döyüşlərə Qubadlı rayonunda başlayan Namiq Laçın, Əsgəran, Füzuli və Goranboy rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Son döyüşləri Tərtər rayonu istiqamətində olub. Şıxarx, Həsənqaya, Çaylı və digər kəndlərin erməni qəsbkarlarından azad edilməsində iştirak edib. 1992-ci il iyulun 9-da erməni silahlı bölmələrinin Cəmilli yüksəkliyinə hücumunun qarşısını alarkən həlak olub. Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 1992-ci il 8 oktyabr tarixli fərmanı ilə Allahverdiyev Namiq Müslüm oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. Beyləqan rayonundakı 1 nömrəli tam orta məktəb onun adını daşıyır.
SƏLMA RZA
(1872-1931)
İlk türk qadın jurnalisti, ilk hekayə yazıçısı, ”Feraçeli” ləqəbi ilə tanınan Səlma Rzanın xatirə günüdür. O, 1872-ci il fevralın 5-də anadan olub. İlk təhsilini İstanbulda alıb. O, Birlik və Tərəqqi Komitəsinin yeganə qadın üzvü olub. Parisdə Birlik və Tərəqqi Komitəsinin qəzetində fransız və türk dillərində məqalələrini dərc etdirib. 1908-ci ildə yenidən Türkiyəyə qayıdıb, İstanbulda iki qəzetdə məqalələr dərc etdirməyə başlayıb. 1908-1913-cü illərdə Türkiyədə baş qaldıran qırmızı hərəkatın iştirakçısı və banisi olub. Səlma Rza 5 oktyabr 1931-ci ildə vəfat edib.
NADİR SEYİDOV
(1932-2015)
Kimya elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi, akademik Nadir Miribrahim oğlu Seyidovun anım günüdür. O, 28 aprel 1932-ci ildə Naxçıvan şəhərində anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. AMEA-da baş elmi işçi, laboratoriya müdiri, şöbə rəhbəri, elmi işlər üzrə direktor müavini və laboratoriya müdiri vəzifələrində işləyib. 300 elmi əsərin, 4 monoqrafiyanın müəllifidir. 100 müəlliflik şəhadətnaməsi və 20 xarici ölkənin patentini alan alim "Şərəf" və "Şöhrət" ordenləri ilə təltif edilib. Prezident təqaüdçüsü Nadir Seyidov 5 oktyabr 2015-ci ildə Bakıda vəfat edib.
ƏDALƏT VƏZİROV
(1951-2002)
Azərbaycanın əməkdar artisti, kamança ifaçısı Ədalət Səfərəli oğlu Vəzirov da xatırlanır. O, 1951-ci il aprelin 27-də Bakda dünyaya göz açıb. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1974-cü ildə Moskvada keçirilən V Beynəlxalq Musiqi müsabiqəsinin qalibi olub. 1980-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında və Sumqayıt Musiqi Texnikumunda işləyib. Uzun müddət əməkdar artist Baba Salahovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında, SSRİ xalq artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblda çalışıb. Kamança ifaçılığından əlavə peşəkar fortepiano və qarmon ifaçısı kimi ABŞ, Kanada, İraq, Misir, Türkiyə və başqa ölkələrdə ifaçılıq sənətimizi yüksək səviyyədə nümayiş etdirib. Ədalət Vəzirov 5 oktyabr 2002-ci ildə İstanbulda vəfat edib və Bakıda dəfn olunub. O, məşhur yəhudi kamança ifaçısı Mark Eliyahunun müəllimi, xalq artisti Kamil Vəzirovun qardaşıdır.
ELNUR NURİYEV
(1975-1994)
Azərbaycanın Milli Qəhrəmanı Elnur Eyvaz oğlu Nuriyevin xatirə günüdür. O, 22 avqust 1975-ci ildə Zəngilan rayonunun Cahangirbəyli kəndində dünyaya göz açıb. Kənd orta məktəbində təhsil alıb. 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. Bir müddət təlim keçdikdən sonra cəbhəyə göndərilib. Minaaxtaranlar bölüyünə komandir təyin edilib və Füzuli rayonunun Kürdmahmudlu, Alxanlı kəndlərində, Tərtərdə gedən döyüşlərdə iştirak edib. 1994-cü ilin oktyabr hadisələri zamanı Gəncədə dövlət çevrilişinə cəhd edən silahlı dəstənin zərərsizləşdirilməsi əməliyyatında döyüş tapşırığını yerinə yetirərkən həlak olub və Kürdəmirdə Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 5 oktyabr 1994-cü il tarixli fərmanı ilə Elnur Nuriyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.
SAHİL MƏMMƏDOV
(1997-2016)
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid Sahil Sabir oğlu Məmmədovun anım günüdür. O, 1997-ci ildə Bərdə rayonunun Soğanverdilər kəndində anadan olub. 5 oktyabr 2016-cı ildə ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Oktyabrın 7-də isə doğulduğu kənddə son mənzilə yola salınıb. Əsgər Sahil Məmmədov ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.