1 milyon 380 min manta mənimsəmədə ittiham olunan “Kat Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Ələkbərov Elçin Bəşir oğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Faiq Qəniyevin icraatına verilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, məhz mənzillərlə təmin edilməyən bir çox vətəndaşın və Litva Respublikasının vətəndaşı Pocius Povilasın müraciətləri əsasında aparılan araşdırma zamanı müəyyən edilib ki, “Kat Holding” MMC-nin təsisçisi Elçin Ələkbərov həmin Cəmiyyətin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq, MMC tərəfindən inşa edilmiş binalarda olan mənzilləri almaq üçün Cəmiyyətə müraciət etmiş ayrı-ayrı şəxslər tərəfindən ödənilmiş pul vəsaitinin 1 milyon 380 min manatını hesaba mədaxil etməyərək mənimsəməsi nəticəsində sözügedən binaların inşası başa çatdırılmayıb, bu da öz növbəsində çoxsaylı vətəndaşların şikayətinə səbəb olub.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanmaqla, toplanmış sübutlar əsasında Elçin Ələkbərova Cinayət Məcəlləsinin 179.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə Ələkbərov Elçin Bəşir oğlu və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar üzərinə məhkəmə qərarları ilə həbs qoyulub.