6 ay ərzində baş verən 1364 yol qəzasında 433 nəfər ölüb, 1465 nəfər yaralanıb
19 iyul 2011 12:33 (UTC +04:00)

6 ay ərzində baş verən 1364 yol qəzasında 433 nəfər ölüb, 1465 nəfər yaralanıb

Lent.az-ın qurumun saytına istinadən məlumatına görə, 2011-ci ilin ilk 6 ayı ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 408342 yol hərəkatı qanunu (YHQ) pozuntusu qeydə alıb.

Həmçinin, nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 7686, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 42111, ötmə qaydalarının pozulması üzrə 7245, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 24713, sərnişin daşıma qaydalarının pozulması üzrə 2634 fakt aşkar edilib. YHQ pozuntusuna görə 45073 sürücü yerində cərimə olunub, 1895 sürücünün hüququ isə müxtəlif müddətlərə məhdudlaşdırılıb.

Keçirilmiş reydlər zamanı nəqliyyat vasitələrini nəzərdə tutulduğundan artıq çəkidə yüklədiyinə görə 2588, yük həcmini artırmaq məqsədilə bortları qanunsuz qaldırılmış 6204 avtomobilin sürücüsü inzibati məsuliyyətə cəlb olunub.

2011-ci ilin ilk 6 ayı ərzində Respublika ərazisində 1364 yol nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 433 nəfər həlak olub, 1465 nəfər isə yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 204 (17,6%), həlak olanların sayı 36 nəfər (9,1%), yaralananların sayı isə 282 nəfər (23,8%) artıb.

DİN BDYPİ Yol Patrul Xidmətinin ərazisində hesabat dövründə 138 qəza hadisəsi qeydə alınıb və nəticədə 98 nəfər həlak olub, 110 nəfər isə yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların və yaralananların sayı 30 (17,9%) və 75 nəfər (40,5%) azalıb, həlak olanların sayı isə 12 nəfər (13,9%) artıb.

Bakı şəhəri ərazisində 711 qəza qeydə alınıb və bunların nəticəsində 169 nəfər həlak olub, 774 nəfər yaralanıb. 2010-cu ilin 6 ayı ilə müqayisədə həlak olanların və yaralananların sayı uyğun olaraq 214 (43,1%), 7 (4,3%) və 313 nəfər (67,9%) artıb.

Respublika üzrə qeydə alınmış YNH-nin 92,6%-i (1265) sürücülərin YHQ pozmaları, o cümlədən 44,4%-i (607) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,1%-i (315) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8%-i (113) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,7%-i (37) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

YNH-nin 40,3%-ni (550) piyadaların vurulması təşkil edib, nəticədə 167 piyada həlak olub, 410-u yaralanıb. Ölkə üzrə qəzalarda 37 nəfər uşaq və yeniyetmə həlak olub, 105 nəfər isə yaralanmışdır. Həlak olanların 24-ü, yaralananların isə 62-i piyadalardır.

2011-ci ilin 6 ayı ərzində respublika ərazisində 13 nəfərin həlak olması və 68 nəfərin yaralanması ilə nəticələnmiş 79 qəza hadisəsi bağlı qalıb.

Azərbaycan Respublikası Prezidentinin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında» 1994-cü il tarixli Fərmanından irəli gələn vəzifələri rəhbər tutaraq hesabat dövründə DYP əməkdaşları tərəfindən axtarışda olan 18 nəfər yaxalanıb, 5 ədəd Kalaşnikov avtomatı, 3 ədəd pnevmatik tüfəng, 2 ədəd tapança, 1 ədəd əl qumbarası, 737 ədəd müxtəlif kalibrli patron aşkar edilərək istintaq orqanlarına təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 511

Oxşar yazılar