Göranboylu müəllimlərə 86 il həbs cəzası!
06 aprel 2011 15:53 (UTC +04:00)

Göranboylu müəllimlərə 86 il həbs cəzası!

APA-nın xəbərinə görə, hakim Ramella Allaheverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə - Goranboy Rayon Təhsil Şöbəsinin sabiq müdiri Elmar Əliyevə, şöbənin metodiki kabinetinin müdiri Faiq Dosiyevə, Goranboy şəhər 1 nömrəli orta məktəbinin direktoru Xasay Qasımova, Səfıkürd kənd orta məktəbinin direktoru Cəmaləddin Nəsibova, Dəliməmmədli kənd orta məktəbinin direktoru Rövşən Abbasova və Ağamalıoğlu kənd orta məktəbinin direktoru İlqar Əliyevə hökm oxunub.

Hökmə əsasən, həbsdə olan Elmar Əliyev 11 il, İlqar Əliyev 4 il, Cəmaləddin Nəsibov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Zamində olanlar - Faiq Quliyev 8 il 6 ay, Faiq Dosiyev 8 il, Yunis Cəfərov 8 il, Yalçın İsmayılov 8 il, Qüdrət Quliyev 7 il 6 ay, İlqar Məmmədov 7 il 6 ay, Rövşən Abbasov 4 il, Elşən Bağırov 3 il müddətinə azadlıqdan məhrum edilərək, məhkəmə zalından həbs olunublar. Məhkəmə zamində olan 76 yaşlı Ələs İbrahimovun barəsində isə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib. Onun barəsində 70-ci maddə tətbiq olunaraq cəzası 2 il sınaq müddətinə şərti cəza ilə əvəz olunub. Məhkəmə zamində olan, lakin prosesə gəlməyən Mehman Məmmədovun 8 il 6 ay, Xasay Qasımovun isə 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Onların barəsində axtarış elan olunub.

İttiham aktına görə, Elmar Əliyev Goranboy rayonunda 52 orta məktəbdə və rayon ərazisində fəaliyyət göstərən Kəlbəcər rayonunun 11 orta məktəbinin XI sinif şagirdlərindən test imtahanlarında yüksək bal və attestat verilməsi müqabilində pul yığılmasını təşkil edib və külli miqdarda rüşvət alıb. E. Əliyev təhsil şöbəsinin metodiki kabinetinin müdiri Faiq Dosiyev vasitəsi ilə pulun ona çatdırılmasını tapşırıb. F. Dosiyev E.Əliyevin tapşırığı əsasında məktəb direktorlarının şagirdlərdən 50-100 manat məbləğində topladıqları pulları qəbul edib və E. Əliyevə verib. İstintaq zamanı E. Əliyevin yaşayış və iş yerində şagirdlərin 1996-2002-ci illərdə orta məktəbi bitirmələrinə dair müxtəlif seriya və nömrəli 44 ədəd yazılan, 27 ədəd isə boş əsas təhsil haqqında şəhadətnamə və orta təhsil haqqında attestatlar aşkar edilərək götürülüb.

Təqsirləndirilənlər Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və rüşvət alma maddələri ilə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 577

Oxşar yazılar