Hava nəqliyyatında törədilmiş terror aktları
13 oktyabr 2010 19:26 (UTC +04:00)

Hava nəqliyyatında törədilmiş terror aktları

Ciddi yoxlamalar olmasına rəğmən, terror qrupları hava gəmilərinə sıza bilirlər. Havada baş verən qəzada sağ çıxmaq ehtimalı isə çox az olur. Digər tərəfdən, təyyarədə və ya hava limanında terror aktı daha böyük səs küyə səbəb olur.

Lent.az aviasiyada baş vermiş terror aksiyaları barədə məlumat təqdim edir. Qeyd edək ki, statistika rəsmi mənbələr əsasında tərtib edilib, qeyri-rəsmi göstəricilərdən fərqlənə bilər. Təbii ki, aviasiya tarixində baş verən bütün terror hücumlarını da bir yazıda əks etdirmək mümkün deyil.

1955-ci il 16 aprel. Kəşmir aeroportundan jurnalistləri Bandunq konfransına (İndoneziya 18-24 aprel Bandunq şəh.) aparan təyyarənin partladılması nəticəsində 16 nəfər jurnalist və diplomat həlak olub. Hadisənin məsuliyyətini Çİn millətçi partiyası – Kuomintang öz üzərinə götürüb.

Keçmiş Yuqoslaviya, 1972-ci il 26 yanvar. Yuqoslaviya hava yollarına məxsus Stokholm-Belqrad reysi ilə uçan “McDonnell Douglas DC-9-32” təyyarəsində bomba partlaması nəticəsində hava gəmisi 3 yerə bölünüb və 27 nəfər həlak olub. Yeganə sağ qalan Vesna Vuloviç isə “Ginnes rekordlar kitabı”na düşüb (10160 metr yüksəklikdən paraşütsüz atılma). Hadisəyə görə məsuliyyəti xorvat millətçiləri öz üzərinə götürüb.

İsrail, 1972-ci il 30 may. Yapon Qırmızı Ordusunun Lod aeroportunda törətdiyi terror aktı nəticəsində 28 nəfər (o cümlədən 2 terrorçu) həlak olub, 72 nəfər yaralanıb. Saxta sənədlə Tel-Əviv aeroportuna gələn 3 nəfər pasport nəzarətindən rahatlıqla keçərək, çemodanlarını aldıqdan sonra qumbara və Kalaşnikov avtomatlarını çıxarıb gözləyən sərnişinlərə atəş açmağa başlayıblar. Ardınca isə qumbara ilə özlərini partlatdıbar. Yeganə sağ qalan terrorçu Kodzo Okamoto isə ömürlük həbsə məhkum edilsə də, 13 il sonra digər min əsirlə birlikdə 3 İsrail əsgərinə dəyişdirilib. İsrail hökuməti bundan sonra bütün dünyaya aeroportlarda yoxlamaları sərtləşdirməyi təklif edib. Yapon Qırmızı Ordusunun isə aviasiyada terror aktlarına davam edib.

“Malaysia Airlines”a məxsus təyyarənin 1977-ci il dekabrında Yapon Qırmızı Ordusunun bir üzvü girov götürüb. Pilotları öldürən terrorçu sonradan özünü xarakiri edib. Yerə çırpılan təyyarədə bütün sərnişinlər, o cümlədən Kubanın Yaponiyadakı səfiri həlak olub.
Təşkilatın sonrakı illərdə bir-neçə terror cəhdinin qarşısı alınıb.

Venesuela, 1976-cı il 6 oktyabr. Kastro rejiminin əleyhdarı Luis Posada Karilles Havanaya uçan təyyarəni partladıb, nəticədə 73 nəfər həlak olub. Karilles həbsdən qaçdığı üçün onun cinayət işinə xitam verilib, terrorun digər 2 iştirakçısı isə 20 il azadlıqdan məhrum edilib.

Türkiyə, 1982-ci il 7 avqust. ASALA Ankaranın Əsənboğa Beynəlxalq Hava Limanında terror aktı həyata keçirdi. Terror aktının birbaşa icraçıları Zöhrab Sarkisyan və Levon Əkməkcyan ağzınacan insanla dolu gözləmə zalının ortasında bomba partlatdıqdan sonra pasport nəzarəti əməkdaşlarına və KLM-in (Hollandiya aviakompaniyası) reysinə minmək üçün növbədə dayanan sərnişinlərə avtomatdan atəş açmağa başlayıblar. Ardınca isə terrorçular kafeyə girərək 20 nəfəri əsir aldıbar. Türk xüsusi təyinatlılarının əsirləri azad etmək üçün keçirdikləri əməliyyat zamanı Sarkisyan öldürülüb, Əkməkcyan isə yaralı halda həbs olunub.
Terror aktı və iki saatlıq atışma zamanı 9 nəfər dünyasını dəyişib, 72 nəfər isə yaralanıb. Ölənlər arasında ABŞ-dan olan qadın, Qərbi Almaniyadan olan mühəndis, 3 türk polisi, eləcə də sərnişinlər və hava limanı əməkdaşları olub. ASALA terror aktına görə məsuliyyəti öz üzərinə götürərək və bunun "türk faşistləri tərəfindən erməni torpaqlarının işğalına" etiraz olduğunu bəyan edib. Məhkəmə 1982-ci il sentyabrın 7-də Əməkçiyan haqqında ölüm hökmü çıxarıb. Onun apelyasiya şikayəti rədd edilərək ölüm hökmü 1983-cü il yanvarın 29-da icra edilib.
Erməni terrorçunun məhkəmədə ifadəsi isə belə olub: “Məni bura inanclarım gətirib çıxarıb. Ancaq baş verən bu hadisədən sonra mən bu inanclarımın nə qədər cəfəng və yanlış olduğunu anladım”.


Fransa, 1983-cü il 15 iyul. ASALA (Fransızca: Armee secrete armenienne de liberation de l Armenie – Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu) Parisin Orli beynəlxalq hava limanında terror aktı həyata keçirib. Terror aktı nəticəsində 8 nəfər həlak olub, 55 nəfər isə xəsarət alıb. Ölənlər arasında Fransa, ABŞ, İsveç və Türkiyə vətəndaşları olub. Polis ASALA üzvləri ilə yanaşı Türkiyə vətəndaşı olan milliyətcə erməni Nair Soneri də həbsə alıb. Soner terrorçulara bomba hazırlamaqda kömək edirmiş.
1985-ci il martın 3-də məhkəmə Karapetyana ömürluk, Nair Sonerə 15 il, Ovanes Semerçiyə isə 10 il həbs cəzası kəsib. Məhkəmə hökmün bu dərəcədə yumşaq olmasını işdə "bəraət qazandırıcı" faktların olması ilə izah edib. Əslində isə bu Fransa hökumətinin Türkiyəyə münasibətinin təzahürü olub. 2001-ci ildə 17 illik həbsdən sonra Karapetyan azad edilərək Ermənistana deportasiya olunub və burada qəhrəman kimi qarşılanıb.

İtaliya, 14 iyul 1985. Hizbullah üzvləri Afina-Roma-London reysi ilə uçan təyyarəni girov götürüb. Hadisənin üçüncü günü ABŞ vətəndaşı olan sərnişin öldürülüb. Qrup İsraildə saxlanan 776 əsirin buraxılmayacağı təqdirdə təyyarəni partladacağını bəyan edib. İsrail bu tələbi yerinə yetirməyə razılıq verdikdən sonra, təyyarə azad edilib. Girov saxlama 17 gün davam edib.

22 iyun 1985, Kanada. Vankuver hava limanında Sinqh adlı bir nəfər baqajını “Canadian Pacific Airlines”-ın (CP) Tornto reysi üçün qeydiyyata saldırıb və xahiş edib ki, baqaj Toronto-Bombey reysinə transfer edilsin. Özü isə təyyarəyə minməyib. Təyyarə Torontoya enərkən Sinqhin verdiyi baqajda partlayış olub. Nəticədə 2 işçi həlak ölüb, 4 nəfər yaralanıb.
Saat 20.37-də göyərtəsində Avstraliya imperatriçəsi olan təyyarə havaya qalxıb. Sinqh isə 38-ci yerə bilet alsa da sərnişinlərin arasında olmayıb. 07.15-də “Air İndia”ya məxsus təyyarə İrlandiyanın radarlarından itib və partlayış səsi gəlib. Təyyarənin qalıqları İrlandiya sahillərindən 250 km aralıda 2000 metr dərinlikdə aşkar edilib. Terror aktı nəticəsində 307 sərnişin və 19 heyət üzvü həlak olub. Bu hadisə Kanada vətəndaşlarına qarşı törədilən ən böyük hücum idi. Həlak olanların 280-i kanadalı olub. Hadisəni törədən hind mənşəli Kanada vətəndaşı Talvinder Singh Parmar isə 2005-ci ildə Pəncabda polislə atışma zamanı öldürülüb. Məhkəmə prosesi hələ də davam edir.

21 dekabr 1988, Lokerbi hücumu. London-Nyu-York reysi ilə uçan təyyarə havaya qalxdıqdan 30 dəqiqə sonra Lokerbi qəsəbəsi üzərində partlayıb. Hadisə zamanı 270 nəfər, o cümlədən 11 qəsəbə sakini həlak olub. Hadisədə əvvəl İran təqsirləndirilsə də, sonradan Liviya məsuliyyəti üzərinə götürüb. Hadisədə təqsirləndirilən Liviya vətəndaşlarından biri - Abdelbaset Ali Mohmed Al Megrahi sərbəst buraxılıb, Al Amin Khalifa Fhimah isə ömürlük həbsə məhkum edilib. 2009-da o səhhəti ilə əlaqədar olaraq azad edilib və vətənində qəhrəman kimi qarşılanıb. Liviya isə hadisə qurbanlarının hər birinin ailəsinə 100 min dollar yardım edir. BMT isə Qəddafi rejiminə tətbiq etdiyi sanksiyaları ləğv edib.

Konqo Demokratik Respublikası, 19 sentyabr 1989. Brazavil Paris reysini həyata keçirən “DC 10” tipli təyyarə Nigeriya səmasında partlayıb. Hadisə nəticəsində müxtəlif dövlətlərin vətəndaşı olan 170 nəfər həlak olub. İstintaqın məlumatına görə, hadisədə istifadə edilən partlayıcını isə Qəddafinin ögey qardaşı, Liviya təhlükəsizlik xidmətinin rəhbəri Abdullah Senusi verib. 1999-cu ildə Paris məhkəməsi terrorda təqsirləndirilən 6 şəxs barədə qiyabi hökm çıxarıb, barələrində beynəlxalq axtarış elan edilib.

Gürcüstan, 21 sentyabr 1993. Cəmi bir-neçə saat ərzində “Transair Georgia” şirkətinin 3 təyyarəsi terrorçuların hədəfinə çevrilib.
1. Gürcü qaçqınlar Suxum aeroportunda “TU 134” markalı təyyarəyə minərkən abxaz silahlıları aeroportu atəşə tutublar. “Qrad” mərmilərindən biri uçuşa hazırlaşan təyyarəyə dəyib və təyyarədəki 30 nəfərdən biri həlak olub, təyyarə yararsız hala düşüb.
2. Hadisədən bir-neçə dəqiqə sonra gürcü polislərini daşıyan “TU 154” eyni aeroporta enərkən abxaz hərbçilərin hədəfinə çevrilib. Havada alışan təyyarədə 132 sərnişindən 108-i həlak olub.
3. Göyərtəsində Abxaziyada çəkilişdən qayıdan əcnəbi jurnalistlər olan “TU 134” havaya qalxdıqdan bir-neçə dəqiqə sonra abxaz millətçilərin atdığı “İqla” raketinin hədəfinə çevrilib. 300 metr yüksəklikdən dənizə düşən təyyarədəki 5 ekipaj üzvü və 22 sərnişin həlak olub.

Tacikistan, 28 avqust 1993. “Air Tojikiston”a məxsus “YAK 40” uçuşa hazırlaşarkən silahlı qruplaşma Bədəxşan aeroportuna basqın edərək təyyarəyə 80 nəfərin mindirilməsini tələb edib. Normadan 3 dəfə artıq yüklənən təyyarə uçuş zolağından qalxa bilmədən 60 sm hündürlükdə beton səddə çırpılıb və 77 nəfər həlak olub. Xatırladaq ki, “YAK 40” təyyarəsi 28 sərnişin üçün nəzərdə tutulub. Həmin dövrdə Bədəxşan vilayətində vətəndaş müharibəsinin ən qızğın dövrü idi.

Konqo (Brazzavil) 6 aprel 1994. Göyərtəsində Burundi prezidenti Kiprien Natriamira və Ruanda prezidenti Juvenal Haberimananı daşıyan təyyarə Zairdə ZRK vasitəsilə vurulub. Hadisəni tutsi qruplaşması və ya Zair xüsusi xidmət orqanlarının törətdiyi ehtimal edilir.

Əlcəzair 24 dekabr 1994. İslam silahlı qrupunun üzvləri Parisə yola düşməyə hazırlaşan təyyarəyə daxil olaraq özlərini polis kimi təqdim ediblər. Pasport yoxlamaq adı ilə 4 nəfər silahlı şəxs bütün sərnişinləri əsir götürüblər və öz liderlərinin azad edilməsini tələb ediblər. Əlcəzair hökuməti tələbi rədd etdikdən sonra onlar təyyarədəki polisi öldürərək uçuşa icazə verilməsini istəyiblər. Bu təklif də rədd edilib və Əlcəzair hökuməti Fransaya müraciət edib. O zamankı baş nazir Eduard Baladür terrorçularla telefon əlaqəsinə girərək qadın və uşaqların azad edilməsi şərti ilə təyyarənin Parisə uçuşuna razılıq verib. Terrorçular isə Marseldə yanacaq götürdükdən sonra təyyarəni Paris səmasında partlatmağı düşünürmüşlər. Fransız kommandosu xüsusi reyslə Əlcəzairə gəlsə də, yerli hökumət təyyarəni qəbul etməyə icazə verməyib, təyyarə 2 saat Əlcəzair səmasında fırlandıqdan sonra qonşu ölkəyə enib, yanacaq götürərək vətənə qayıdıb. Ertəsi gün Fransa hökumətinin təzyiqi ilə təyyarənin qalxmasına icazə verilib. Təyyarə Marselə yanacaq üçün endikdən sonra komandos təyyarənin çıxış qapılarından hücum edib. Saat 17.08-də başlayan həmlə 20 dəqiqə sonra sonuncu terrorçunun snayperlə vurulması ilə başa çatıb. Terror aktı nəticəsində 3 sərnişin və 4 terrorçu həlak olub, 13 sərnişin, 3 uçuş heyəti və 10 komandos xəsarət alıb.

ABŞ, 11 sentyabr 2001. “Əl-Qaidə”nin ələ keçirdiyi “Boeing” 08.46-da Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin əkiz qüllələrindən birinə - Şimal qülləsinə çırpılıb. 09:03 radələrində isə Cənub qülləsi buna bənzər hücuma məruz qalıb. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ-ın Müdafiə Nazirliyinin binası - Pentaqon da təyyarə tərəfindən vurulub. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan daha bir sərnişin təyyarəsi Pensilvaniya üzərində vurularaq zərərsizləşdirilib. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirilir. Bu terror aktları nəticəsində 3 minə yaxın insan dünyasını dəyişib, ərazini bürüyən qatı toz dumanı aylarla çəkilməyib, maddi ziyan isə yüz milyonları keçib. Ərazini təmizləmək üçün minlərlə insan 8 ay fasiləsiz işləyib. Bu hadisə dünyada təhlükəsizliyə olan münasibətə yenidən baxmağa vadar edib.

Rusiya, 24 avqust 2004. Moskva-Volqoqrad reysini həyata keçirən “TU 154”ün sərnişini olan çeçen qadının şəhid kəmərini işə salması nəticəsində təyyarə Tula səmasında parçalanaraq kəndin üstünə düşüb. Hadisə zamanı 44 nəfər həlak olub. Hadisədən bir neçə saat sonra eyni üsulla Moskva-Soçi reysi ilə uçan “TU 154” partladılıb və 46 nəfər həlak olub.

Tailand 2008-ci il 1 dekabr. Banqkokun Don Mueang aeroportuna bomba atılması nəticəsində ona yaxın sərnişin xəsarət alıb. Hadisəyə görə məsuliyyəti Demokratiya Uğrunda Alyans üzərinə götürüb. Tətil və nümayiş dalğası bürüyən ölkədə aeroport 1 ay bağlı qalıb və insanların ölkəni tərk etməsi çətinləşib.

Əfqanıstan, 29 iyul 2009. “Pecotox Aİr”ə məxsus “Mİ 26” vertolyotu Helmand şəhərinə enərkən “ZRK” atəşi ilə məhv edilib, 6 ekipaj üzvü və yerdə 1 uşaq həlak olub.

Lakin bəzən təyyarədə terror cəhdi uğursuz da olur. Məsələn, 20 yaşlı ərəbin uğursuz cəhdi kimi.

Amsterdam, 25 dekabr 2009. Əbdül Mütəlləb adlı terrorçu Amsterdam-Detroyt reysini həyata keçirən təyyarənin bortuna partlayıcı keçirə bilsə də, plan baş tutmayıb. Partlayıcı təyyarə təyinat aeroportuna enərkən işə düşərək Mütəlləbi və yanındakı sərnişini yaralayıb. 280 sərnişin sağ-salamat mənzil başına yetişib. Mütəlləb isə dindirmə zamanı terror aktını “əl-Qaidə”nin sifariş etdiyini bildirib.

Son

Bu qorxunc statistikaya rəğmən bəşəriyyət aviasiyadan imtina edə bilməz. Vaxtın saniyə ilə ölçüldüyü bir zamanda aviasiyanın əhəmiyyətindən təkrarən söz açmaq yersiz olardı. Lakin təyyarələr qitələrarası məsafələri qısaltdıqları kimi, bəzən insan ömrünü də qısaldırlar.
Hələ 100 il əvvəl, aviasiyanın yenicə ortaya çıxdığı zaman general Şıxlinski demişdi: “Təyyarədə uçmayan şəxs dünyanın gözəlliklərindən bixəbərdir”.

Vüqar Ələsgərov

Bu seriyadan növbəti yazılar:

Dəmir yolunda törədilmiş terror aktları

Rus pilotun baş tutmayan qisas cəhdi

Azərbaycanda baş vermiş aviaqəzalar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2648

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10